Sığortaçı rəhbər işçilərinin təyin edilməsi barədə Mərkəzi Banka bildiriş göndərəcək

Sığortaçı Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərəcək.

BBN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bildirişə rəhbər işçinin bu Qanunda müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar və sənədlər, nəzərdə tutulan sənəd və məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətləri əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən olunur. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkarlandıqda bu barədə sığortaçıya sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir, ona bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

Sığortaçının Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri istisna olmaqla, rəhbər işçi vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində sığortaçı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə bu Qanunda nəzərdə tutulan sənədlər və məlumatlar əlavə olunur.

Bu Qanunda nəzərdə tutulan sənədlər və məlumatlar Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə və məlumatlarda dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı