SOCAR “Pertamina” şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Mayın 31-də SOCAR prezidenti Rövnəq Abdullayev İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hazırda Pertamina şirkəti SOCAR Trading ilə neftin alğı-satqısı sahəsində əməkdaşlıq edir və bu əməkdaşlığı daha da genişləndirməyə maraqlıdır. Bununla yanaşı Pertamina şirkəti həm hasilat, həm də emal sahələrində birgə əməliyyatlara maraq göstərir. Azərbaycan və İndoneziyada neftin satışı, hasilat və emal sahələrində gerçəkləşdirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması üçün işçi qrupu tərəfindən müvafiq araşdırma və təhlillər aparılacaq.

İndoneziya bazarı SOCAR Trading-in əməliyyatları arasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda İndoneziyanın idxal etdiyi neftin 8%-i SOCAR-ın payına düşür. 10 il əvvəl SOCAR Trading-in “Azeri light” brendi ilə daxil olduğu İndoneziya bazarının perspektivliyi və bazarda Azərbaycan neftinə olan tələbat artan xətt üzrə inkişaf etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır