“SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton Qazaxıstan nefti nəql olunub

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında iştirak etmək məqsədilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə  Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülən işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 % artaraq 102,5 mln ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3 % artaraq, 21,8 milyon ABŞ dolları, idxal isə 2,7 % yüksələrək, 80,7 mln ABŞ dolları olub.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. 2016-cı ildə “SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton, bu ilin 10 ayı ərzində isə 3,500 ton Qazaxıstan nefti nəql olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır