SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

SOCAR 2019-cu ilin üçüncü rübündə 2 milyon tona yaxın neft, 1,8 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb.Hesabat dövründə Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuş, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 37 min metrdən artıq olub.

Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz tədarük edilib. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,9 milyon m3 qaz ixrac olunmuşdur. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,7 milyard kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,2 milyard kubmetrdən, SOCAR üzrə isə 1,1 milyard kubmetrdən artıq qaz ixrac olunub.

Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,5 milyon ton təşkil edib. Şirkət eyni zamanda Azərbaycandan 532 min ton həcmində neft və neft-kimya məhsulları ixrac edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır