SOCAR və Equinor şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır

İyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və Equinor-Azərbaycan şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.Görüşdə SOCAR və Equinor şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə olunub.

Equinor şirkətinin nümayəndələri “Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC (Caspian Drilling Company) şirkətinin iştirakını yüksək qiymətləndirmiş, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir ediblər. SOCAR və Equinor arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub. Qeyd edilib ki, gələn ay “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır