SOCAR və “OMV Petrol Ofisi” Əliağa terminalı barədə razılığa gəliblər

Türkiyədə ən böyük xarici investor olan SOCAR-ın başçılığı ilə bir qrup beynəlxalq investor “OMV Petrol Ofisi A. Ş.” şirkətinə məxsus Əliağa terminalının satın alınması barədə “OMV Aktiengesellschaft” ilə razılıq əldə ediblər.Bu terminal 2018-ci ildə istifadəyə veriləcək STAR neft emalı zavodunun logistika məntəqəsi rolunu oynayacaqdır. 200 000 kubmetr neft və 45 000 kubmetr maye qaz saxlama potensialına malik olan terminalın alınması STAR layihəsinin effektivliyini, SOCAR-ın regionda logistik potensialını artıracaq və eyni obyektdən istifadə edən distributor şirkətlər arasında əməkdaşlığı yaxşılaşdıracaqdır. “SOCAR Turkey” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib ki, terminalın potensialının 200 000 kubmetrdən 700 000 kubmetrə qaldırılması nəzərdə tutulur, həmçinin maye qazın saxlanılması üçün də həcmlərin artırılacağı gözlənilir.

Uzunmüddətli sazişə əsasən, “OMV Petrol Ofisi A.Ş.” saziş davam etdiyi müddətdə Əliağanın neft və maye qaz çənlərindən istifadə edəcək. Eyni zamanda şirkətə terminaldan ixrac və yükdaşıma məqsədi ilə də istifadə hüququ verilir. Razılaşmanın bəzi şərtlər yerinə yetirildikdən sonra 2016-cı ilin sonunda tamamlanacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır