Sosial iş – həssas qrupların sosial xidmətlərlə təminatında mühüm sahələrdən biridir

Ötən əsrin 80-ci illərində Sosial İşçilərin Beynəlxalq Federasiyası tərəfindən hər il mart ayının üçüncü çərşənbə axşamı – Ümumdünya Sosial İş Günü kimi elan olunub. Sonralar bir sıra beynəlxalq təşkilatlar da bu təşəbbüsə qoşulub.  

Bu gün Azərbaycanda da sosial iş həssas qrupların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin  həllində dövlət dəstəyini nəzərdə tutan sosial xidmətlərlə təminatında mühüm sahələrdən biridir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətlər sistemində çalışanların bir hissəsi də məhz sosial işçilərdir. Onlar  müvafiq kateqoriyalardan olan insanların (tənha ahıl və əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud olan, yaxud sosial təhlükəli vəziyyətdə olan uşaqların, məişət zorakılığından zərər çəkənlərin və b.) sosial xidmətlərə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi, həmin şəxslərə bu istiqamətdə xidmətlərin təşkili istiqamətində fəaliyyət göstərirlər.

Sosial işçilər sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və s. müəyyən edir. Sonra onların tərtib etdikləri fərdi planlar əsasında sosial xidmətçilər tərəfindən çətin həyat şəraitində olan insanlara sosial-məişət xidmətləri göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  15 sosial xidmət müəssisəsində 1100-dən çox şəxs daimi dövlət təminatında yaşayır. Həmçinin tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan 10 minə yaxın ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr üzrə son bir ildə 8 mindən çox şəxs reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunub.

Azərbaycanda sosial iş sahəsi getdikcə inkişaf edir, eyni zamanda, artıq bir sıra ali təhsil müəssisələrində sosial iş ixtisası üzrə kadrlar hazırlanır.

Bununla yanaşı, “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihəsində qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, sosial xidmətlər sahəsində kadr potensialının inkişaf etdirilməsi, ixtisaslı və peşəkar sosial işçilər heyətinin formalaşdılması və s. də yer alıb. Eləcə də layihədə strateji istiqamətlərdən biri kimi, şəxslərin (ailələrin) çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üçün onların həyatında yaranan problemlərin erkən mərhələlərdə müəyyən edilərək profilaktik tədbirlərin görülməsi məqsədilə yeni kateqoriya sosial işçilərin fəaliyyətinin təşkili də nəzərdə tutulur.

Bütün bunlar ölkəmizdə sosial iş institutunun və bu sahədə praktik fəaliyyət sahəsinin təkmilləşdirilməsi istiqamətində gələcəkdə önəmli addımların atılmasını təmin edəcək.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı