“S&P Global Ratings”in qiymətləndirməsinə görə, “Azərenerji” ASC-nin kapital xərcləri 2025-ci ildə 650–670 milyon manat, 2026-cı ildə isə 550–570 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Bu dinamika fonunda 2025-ci ildə şirkətin 160–180 milyon manat həcmində mənfi sərbəst əməliyyat pul axını formalaşacağı, 2026-cı ildə isə göstəricinin neytral səviyyəyə yaxınlaşacağı gözlənilir.
Hesabatda bildirilir ki, dövlət kapital qoyuluşları borc xidmətinə dair xərclərin bir hissəsini qarşılayacaq, planlı amortizasiya ödənişləri isə borc yükünün cüzi azalmasına səbəb olacaq. “S&P” proqnozlaşdırır ki, əməliyyat fəaliyyətindən əldə olunan pul vəsaitlərinin borca nisbəti orta müddətli dövrdə 30 faizdən yuxarı qalacaq.
Agentlik qeyd edir ki, yüksək kapital xərclərinə baxmayaraq, “Azərenerji”nin kredit göstəriciləri sabit olaraq qalır. Şirkət hidroelektrik stansiyalar da daxil olmaqla bir sıra enerji istehsal obyektlərini istifadəyə verməyi və bərpa olunan enerji layihələrinə sərmayələri davam etdirməyi planlaşdırır.
Hesabatda vurğulanır ki, dövlət dəstəyi şirkətin əsas kredit risklərini kompensasiya edir. “Azərenerji” valyuta volatilliyinə (borcun böyük hissəsi xarici valyutada, gəlirlər isə əsasən manatladır), zəif daxili bank sisteminə və kapital xərclərinin və ya dövriyyə tələbinin potensial artımına məruz qalır.
Bununla belə, şirkətin bütün borclarına dövlət zəmanəti və genişmiqyaslı dəstək mexanizmləri (kapital qoyuluşları, borc ödənişləri, vergi güzəştləri və dividendlərin olmaması) “Azərenerji”nin ölkə üçün strateji rolunu təsdiqləyir və ehtiyac yaranacağı təqdirdə vaxtında və adekvat fövqəladə dəstəyin yüksək ehtimalını göstərir.