SPECA-nın 2016-cı il İqtisadi Forumu Gəncədə keçirilib

Noyabrın 22-də Gəncə şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” mövzusunda 2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb.
Forumda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.
“Dayanıqlı inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi üçün milli səviyyədə görülməli olan işlər, strategiyalar” mövzusunda təşkil edilmiş sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, ölkəmizdə iqtisadi, sosial, ekoloji sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə 2012-ci ildən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Konsepsiyanın əhatə etdiyi əsas sahələr vətəndaş cəmiyyətinin ölkənin siyasi və iqtisadi məsələlərində rolunun artırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı, İKT-nin inkişafı ilə informasiya cəmiyyətinə keçidin təmin olunması və s. istiqamətlərindən ibarətdir.

Forum noyabrın 23-də “Bərabərlik, inklyuzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması” və ” SPECA-nın qiymətləndirilməsi” sessiyaları ilə işini davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır