“Standartların tətbiqi: Azərbaycan-Türkiyə Əməkdaşlığı” mövzusunda Beynəlxalq Konfrans keçirilib

Oktyabrın 10-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Standartların tətbiqi: Azərbaycan-Türkiyə Əməkdaşlığı” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Konfransda Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, hər iki ölkənin iş adamları iştirak edib.

Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı ardıcıl və sistemli islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təşviq mexanizmləri tətbiq edilib.

Niyazi Səfərov Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti, bu sahədə yeni mexanizmlər olan sənaye parkları və məhəllələri barədə məlumat verib. Bildirilib ki, sənaye zonalarında 82 rezident qeydə alınıb, 45 istehsalat müəssisəsi artıq fəaliyyət göstərir. Sənaye zonalarına indiyədək 3,4 mlrd ABŞ dollarınadək investisiya yatırılıb, 11 min iş yeri yaradılıb.

Bundan başqa, indiyədək 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib və investisiya dəyəri 2,5 mlrd. manatdan çox olan 245 müəssisə artıq fəaliyyət göstərir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı barədə danışan Niyazi Səfərov diqqətə çatdırıb ki, Türkiyə ilə müxtəlif istiqamətlərdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq edilir. Bu sahədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rolunu qeyd edən nazir müavini 2019-cu ilin əvvəlindən indiyədək 32 layihənin icra olunduğunu, 13 layihə üzrə işlərin davam etdirildiyini vurğulayıb.

Tədbirdə milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların məhsul və xidmətlərin keyfiyyətnin yüksəldilməsinə, xarici bazarlara daha rahat ixrac edilməsinə xidmət etdiyi vurğulanıb.

Konfransda Türk Standartları İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında üçtərəfli əməkdaşlığa dair Protokol imzalanıb.

 Sonda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Türkiyə Standartları İnstitutu tərəfindən İSO 9001və 5001 standartlarının tətbiqi istiqamətində keçirilmiş təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır