İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının tərəfdaşı, Stanford Universitetinin professoru və “Synapses Ventures” şirkətinin təsisçisi Murat Baday startaplarla görüş keçirib. Görüş zamanı proqramın final mərhələsi olan “Demo Day” tədbirində seçilmiş startaplara təqdim olunan xüsusi mükafatlar barədə ətraflı məlumat verilib.
Daha sonra “Agro Gemtin”, “Science Delta” və digər startap komandaları layihələrinin son vəziyyəti ilə bağlı təqdimat ediblər.
Murat Baday görüş zamanı startaplara “TechDev Entrepreneurship Bootcamp”, “Entrepreneurship Olympiad” və “Synapses”-in 6 aylıq mentorluq proqramlarında ödənişsiz iştirak imkanı verdiklərini bildirərək, gənc startapçıları təbrik edib. O vurğulayıb ki, bu proqramlar startapların sahibkarlıq bacarıqlarını sürətləndirmək, qlobal innovasiya şəbəkələrinə çıxış imkanlarını genişləndirmək və beynəlxalq təcrübə qazanmaq üçün əvəzsiz fürsətlər təqdim edir. Qeyd edək ki, sözügedən proqramlar 2026-cı ilin yanvar ayından etibarən onlayn mentorluq proqramları ilə başlayacaq. “Entrepreneurship Olympiad”ları isə 2026-cı ilin iyul ayında “Stanford Faculty Club”da (Silikon Vadisində), dünyanın müxtəlif ölkələrindən gələn gənc startapçılar, xüsusilə investorların və digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcəkdir.
“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi Azərbaycanın startap ekosisteminin inkişafını dəstəkləmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və gənc sahibkarların qlobal bazarlara çıxışını təmin etmək məqsədilə fəaliyyətini davam etdirir.