Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar cari ilin birinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə tədbirləri təşkil edib.

BBN.az xəbər verir ki , bu müddət ərzində Mərkəzi Bankda Azərbaydan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin bank işi və maliyyə üzrə bakalavr və magistr pilləsində təhsil alan bir qrup tələbəsinə maarifləndirici seminarlar keçirilib.

Eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün iki mərhələdən ibarət “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunub. Bu təlimlərdə iştirakçılara istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilib.

Əlavə olaraq, Mərkəzi Bank Maliyyə Elm-Tədris Mərkəzi ilə birgə “Gənclər üçün Maliyyə Savadlılığı” adlı təlimlər təşkil edib. Bu təlimlər zamanı tələbə və gənclərə Maliyyə savadlılığı portalı (www.bizimpullar.az), virtual təhsil platforması (edu.cbar.az) haqqında ətraflı məlumat verilmiş, pul nişanlarının təhlükəsizlik elementləri və saxtakarlığına qarşı mübarizə, ailə mühasibatlığı, sığorta və qiymətli kağızlar mövzuları izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, təlimlərə qoşulmuş Azərbaycan Kredit Bürosunun nümayəndələri təlim iştirakçılarına Büronun fəaliyyətinə dair təqdimat keçirib.

Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlim və seminarları, o cümlədən əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır