Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı keçirilib

Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak ediblər.

Konfransı AHİK-nın sədri, millət vəkili Səttar Möhbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq, konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib.

Daha sonra gündəlikdəki  məsələlərin müzakirəsinə başlanıb.

Konfrans iştirakçıları Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi,Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlu birliyin sədri seçilib, eyni zamanda, 7 nəfərdən ibarət icra komitəsi yaradılıb.

AHİK sədri Səttar Möhbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır