“Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu və qətiyyətli siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməkdədir”.
BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında qeyd edib.
Mərkəzi Bankın sədri qürurla qeyd edib ki, ölkəmizdə COP29 tədbirləri uğurla yekunlaşmış və iqlim danışıqlarında tarixi nəticələrin əldə edilməsinə nail olunmuşdur. O, COP29 çərçivəsində Mərkəzi Bank və maliyyə sektoru tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb, vurğulayıb ki, bank sektoru tərəfindən ayrılacaq yaşıl maliyyə resursu iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə yaşıl iqtisadiyyata keçidin sürətlənməsində mühüm rol oynayacaq.
Cari ilin ötən dövrü üzrə qlobal iqtisadiyyatda və ölkədə daxili iqtisadi mühitdə baş verənlər barədə danışan Taleh Kazımov bildirib ki, cari dünyanın əksər iqtisadiyyatlarında sərt pul-kredit siyasətinin tətbiqinin qlobal iqtisadi aktivlik üçün çətinliklər yaratmasına baxmayaraq, 2024-cü ilin ötən dövründə qlobal iqtisadi artımda nikbinlik müşahidə olunur.
Bank sektorunun dayanıqlığı və sabitliyi barədə göstəriciləri diqqətə çatdıran Taleh Kazımov gələn ilin dövlət büdcəsinin layihəsinə münasibət bildirib. O vurğulayıb ki, 2025-ci il və ortamüddətli dövrə təqdim edilən makro-fiskal çərçivə qarşıda duran bir sıra prioritetlərə cavab verir. Mərkəzi Bankın sədri 2024-cü ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 2025-ci ildə dövlət büdcəsinin cəmi xərclərinin konservativ (5,4%) artımını məqbul qiymətləndirib, 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci il üzrə büdcə kəsirinin 303 mln. manat azaldılmasını da müsbət dəyərləndirib. Diqqətə çatdırılıb ki, aparılan qiymətləndirmələrə görə, 2025-ci ilin dövlət büdcəsində büdcə xərclərinin inflyasiyaya 0,2 faiz bəndi artırıcı təsiri gözlənilir. Bu da əsasən cari xərclərdən irəli gəlir. Hesablamalara görə, əsaslı xərclərin inflyasiya təsiri əhəmiyyətli deyil.
2025-ci il üzrə Mərkəzi Bankın pul siyasətinin prioritetləri barədə danışan Taleh Kazımov əsas məqsədin 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanmasının təmin edilməsi olduğunu deyib. O, Mərkəzi Bankın 2025-ci il üzrə iqtisadi artım, inflyasiya, o cümlədən maliyyə sisteminin əsas sektorları üzrə proqnozlarını və qarşıya qoyduğu hədəfləri barədə məlumat verib.