Taleh Kazımov Milli Məclisin 2025-ci ilin dövlət büdcəsi layihəsi müzakirələrində iştirak etmişdir – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankının Sədri Taleh Kazımov noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında 2025-ci ilin dövlət büdcəsi layihəsi ilə əlaqədar keçirilən iclasda çıxış edib. 

Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci il üzrə dövlət büdcəsinin layihəsinə münasibət bildirib. O, öncə cari ilin ötən dövrü üzrə qlobal iqtisadiyyatda və ölkədə daxili iqtisadi mühitdə baş verənlər barədə danışıb. Bildirib ki, cari ildə bir sıra amillər, xüsusilə də aparıcı iqtisadiyyatlarda həyata keçirilən sərt pul-kredit siyasəti, davam edən geosiyasi münaqişələr və geoiqtisadi parçalanmalar qlobal iqtisadiyyata da öz təsirini göstərib. Buna baxmayaraq 2024-cü ildə qlobal iqtisadi artım davam edib, iqtisadi artım üzrə proqnozlarda nikbinlik müşahidə olunur.

Qeyd olunan xarici amillər cari ilin ötən dövründə ölkə iqtisadiyyatının xarici şəraitinə, yəni tədiyə balansına müsbət təsir göstərib. 6 ayda cari əməliyyatlar hesabında 2.6 mlrd. ABŞ dolları həcmində və ya ümumi daxili məhsulun 7.5%-i səviyyəsində profisit yaranıb. 9 ayda xarici ticarət balansında müsbət saldo 5.2 mlrd. ABŞ dolları təşkil edib, strateji valyuta ehtiyatları 6.5% artaraq 72.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın rəhbəri qeyd edib ki, ümumilikdə, valyuta bazarında sabitlik qorunub və xarici balans üzrə proqnozlar nikbindir.

Taleh Kazımov bildirib ki, daxili iqtisadi mühitdə də müsbət dinamika müşahidə olunub. Mərkəzi Bank tərəfindən real sektor üzrə həyata keçirilən monitorinqlər də iqtisadi aktivliyin müsbət zonada olduğunu göstərir. O,  Mərkəzi Bankın iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilərinin də nikbin olduğunu deyib. Belə ki, bankın baza ssenari üzrə oktyabr proqnozuna əsasən, 2024-cü il üçün iqtisadi artımın 3.9%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 6.5% olacağı proqnozlaşdırılır.

Bank sektorunun dayanıqlığı və sabitliyi barədə göstəriciləri diqqətə çatdıran Mərkəzi Bankın sədri vurğulayıb ki, 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə çıxışının genişləndirilməsi diqqətdə saxlanılıb. Sığorta sektoru üzrə qeyd olunub ki,  ötən ilin eyni dövrünə nəzərən 9 ayda sığorta haqları 9.4%, sığorta ödənişləri isə 38.2% artıb.

Gələn ilin büdcə layihəsi ilə bağlı danışanda Mərkəzi Bankın sədri bildirib ki,  2025-ci il və ortamüddətli dövrə təqdim edilən makro-fiskal çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir. Bura sosial rifahın gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması və azad olunmuş ərazilərin bərpası daxildir. O, ortamüddətli dövr ərzində dövlət büdcəsinin fiskal qayda çərçivəsində tərtibini və büdcə qaydasında müəyyən olunmuş meyarların gözlənilməsini müsbət qiymətləndirib.

Mərkəzi Bankın sədri 2025-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədinin öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində (4±2%) formalaşmasını təmin etmək olduğunu deyib. O, bildirib ki, 2025-ci ildə də makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Tədiyə balansının profistli olması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil təşkil edəcək.

Taleh Kazımov diqqətə çatdırıb ki, növbəti ildə ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və digər məsələlər növbəti ildə də Mərkəzi Bankın prioritetləri olacaq.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı