“Tamin Pharmaceutical İnvestment Company” Azərbaycanda dərman qablaşdıracaq

Dünyanın aparıcı əczaçılıq şirkətlərindən biri Azərbaycanda dərman qablaşdıracaq.Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.Nazirlik aparıcı əczaçılıq şirkətinin adını açıqlamayıb.

İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxıl olduğu “Tamin Pharmaceutical İnvestment Company” şirkəti ilə bu ilin aprelində Anlaşma Memorandumu imzalanıb. Layihəyə uyğun olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə həb və kapsula istehsalı, ikinci mərhələdə ampula və flakon, üçüncü mərhələdə isə antibiotik dərmanların istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54 təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv, antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq. Layihənin birinci mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.

Qeyd edilib ki, əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı digər şirkət Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Bu ilin iyun ayında təşkil edilmiş Rusiya-Azərbaycan biznes forumu çərçivəsində “R-Farm”, Azərbaycanın “Vita-A” MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası məqsədilə “Həyat Farm” MMC təsis edilib.

Ümumi dəyəri 47 milyon avro olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Birgə Müəssisə tərəfindən onkologiya, QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal ediləcək məhsulların yerli bazarla yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna bazarlarında satışının təşkili planlaşdırılır.

Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə danışıqlar aparılır.

Mənbə:Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır