Tatarıstan-Azərbaycan biznes forumu keçirilib

Kazanda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, maliyyə və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb.

Mikayıl Cabbarov Tatarıstanın sənaye zonalarında və qabaqcıl müəssisələrində tətbiq edilən müasir texnologiyaları (nou-hau) yüksək qiymətləndirib, Azərbaycan və Tatarıstan iqtisadiyyatlarının bir sıra oxşar xüsusiyyətlərə sahib olduğundan bu istiqamətdə uğurlu əməkdaşlıq qurulmasının vacibliyini bildirib. Belə ki, Azərbaycanda yaradılmış münbit investisiya mühiti və ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Tatarıstan sahibkarlarına geniş perspektivlər vəd edir.

Tatarıstan sahibkarlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirən Oleq Korobçenko işgüzar tədbirlərin sahibkarlar arasında əlaqələrin qurulması və mövcud bağların səmərəliliyinin artırılmasında əvəzsiz rol oynadığını qeyd edib.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin rəhbərinin birinci müavini İnsaf Vəliyev, Tatarıstanın Ticarət və Sənaye Palatası Şurasının İdarə heyətinin sədri Şamil Aqeyev çıxışlarında iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

Tədbirdə Tatarıstan və Azərbaycanda yaradılmış imkanlar, dəstək mexanizmləri və biznes təşəbbüsləri sahibkarların diqqətinə çatdırılıb, iştirakçı şirkətlər arasında B2B formatda görüşlər keçirilib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyində də görüş keçirib. Agentliyin Vahid Təqdimat Mərkəzində iştirakçılar üçün Tatarıstanın iqtisadi və investisiya potensialı ilə bağlı təqdimat nümayiş olunub, Tatarıstan birgə investisiya perspektivlərinin reallaşdırılması imkanları müzakirə edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı