TDƏŞ VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib, sənədlər imzalanıb

Oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum  keçirilib.

Biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir. Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən ilə genişlənir.

İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12% təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir.

Bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.

TDƏŞ üzvü olan ölkələr investisia sahəsində də uğurlu əməkadaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard ABŞ dolları həcmində investisiya qoyub, onların 3200 şirkəri Azərbaycanda uğurla fəaliyyət göstərir.

Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları sərmayə yatırıb. İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

Rüfət Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.

TDƏŞ Baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib. 

Tədbirdə iştirak edən Qazaxıstanın Baş nazirinin müavini Berdıbek Saparbayev, Macarstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Özbəkistanın İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov, Türkdilli Dövlətləri Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu,  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov Türkiyə Respublikası Prezidenti yanında İnvestisiyalar Ofisinin layihə direktoru Fərruh Parmaksız və digər iştirakçılar çıxış edərək, TDƏŞ çərçivəsində təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, təkliflərini bildiriblər.

Biznes forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Respublikası Sahibkarların Milli Palatası (Atameken), Qırğız Respublikasının Ticarət və Sənaye Palatası, Macarıstan Ticarət və Sənaye Palatası və Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) arasında əməkdaşlığa dair anlaşma memorandumları, AZPROMO ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu, “Ziraat Bank Azərbaycan” ASC və “Turkiye İhracat Bankası” (TurkEximBank”) arasında əməkdaşlığa dair Kredit Müqaviləsi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Macarıstanın İxracın İnkişafı Agentliyi, Türk Katılım Bankları Birliyi (TKBB), Özbəkistan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumları, KOBİA ilə “Ziraat Bank Azərbaycan” ASC və Türkiye İhracat Bankası (TurkEximBank) arsında Əməkdaşlığa dair Niyyət Protokolu, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair Protokol, Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair Protokol, Azərbaycanın “Azərmaş” ASC və Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə Anlaşma Memorandumu, “Mətanət A” şirkəti ilə Özbəkistanın Kaşkada vilayətinin hakimiyyəti arasında Niyyət və Qarşılıqlı Əməkdaşlıq Sazişi imzalanıb.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır