Texnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsinin 101.7-ci maddəsinin müddəalarına əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergiödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi cari ilin yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8 min manatadək olduqda 0 faiz, 8 min manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində isə aylıq gəlirin 5 faizi həcmində hesablanaraq ödənilir.

BBN.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçim tətbiq edilir.

Qeyd olunanlara əsasən, texnologiyalar parkının rezidenti statusu hüququ əldə etmiş sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə bu fəaliyyətin məqsədləri üçün çalışan bütün muzdlu işçilərinə ödənilən əməkhaqlarından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları güzəştli dərəcələrlə hesablanıb ödənilir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı