Tibbi turizmin perspektivləri müzakirə olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovla ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov arasında baş tutan görüşdə postpandemiya dövründə turizm sahəsinin, eləcə də tibbi turizmin inkişaf perspektivləri, birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov pandemiyadan sonra ölkə turizminin bərpa olunmağa başladığını, xüsusilə gəlmə turizmdə müsbət dinamikanın müşahidə edildiyini bildirib. O, hazırda ölkəmizə tibbi xidmət almaq üçün kifayət qədər turistin gəldiyini də diqqətə çatdırıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in tibbi turizmin inkişafında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticələnəcəyinə inandığını bildirib. O, ilkin mərhələdə tibbi xidmət almaq üçün ölkəmizə gələcək turistlərin TƏBİB-in tabeliyindəki Yeni Klinikada ödənişli əsaslarla keyfiyyətli tibbi xidmətlə, hətta otel xidmətləri ilə təmin oluna biləcəklərini diqqətə çatdırıb.

“Gələcəkdə aparılan yenidənqurma işlərindən sonra dövlət tibb müəssisələrinin bir çoxunun xarici turistləri qəbul etmək imkanı genişlənəcək”- deyə İcraçı direktor qeyd edib.

Müzakirələr zamanı birgə əməkdaşlıq, tibbi turizmin inkişafı, tibbi turizmdə beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Sonda birgə İşçi Qrupunun, turistlər üçün xidmətlər zərfinin hazırlanması qərara alınıb.

Qeyd edək ki, 2019-cu ildə təsis edilən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 123 üzvü var.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı