Ticarət əməliyyatlarında süni intellektin (Sİ) tətbiqi risklərin daha effektiv proqnozlaşdırılması, təhlili və idarə olunması üçün strateji vasitə kimi ön plana çıxır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova bildirib ki, süni intellekt hazırda ticarət proseslərinə çoxşaxəli təsir göstərir. Bu təsirlər arasında logistika əməliyyatlarının optimallaşdırılması, yük marşrutlarının səmərəli planlaşdırılması, dövlət nəzarəti prosedurlarının sadələşdirilməsi, müqavilələrin avtomatlaşdırılması və maliyyə əməliyyatlarının effektivliyinin artırılması xüsusi qeyd olunur. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “World Trade 2025” hesabatına əsasən, kiçik və orta müəssisələrin təxminən 70%-i hesab edir ki, Sİ tətbiq etməklə ticarət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq olar.
İİTKM-in ekspertinin sözlərinə görə, Sİ-dən istifadə sahəsi genişləndikcə yarımkeçiricilər, kompüterlər və digər İKT avadanlıqlarına tələbat daha sürətlə artacaq. Bunun nəticəsində həm investisiyaların yönəldiyi sahələr dəyişəcək, həm də dünya üzrə təchizat zəncirlərində yeni proseslər başlayacaq. Nəzərə almaq lazımdır ki, yarımkeçirici istehsalı yüksək maliyyə tutumu və mürəkkəb texnoloji tələbləri ilə xarakterizə olunan bir prosesdir. Bu səbəbdən istehsal zənciri hazırda qlobal miqyasda məhdud sayda ölkədə cəmləşib. “World Trade 2025” hesabatına əsasən, Çin və ABŞ süni intellektin əsas komponentlərinin ən böyük idxalçıları olaraq qalır, Şərqi və Cənub-Şərqi Asiya ölkələri isə idxal və ixracı artırmaqla qlobal istehsal şəbəkəsinə daha sıx inteqrasiya olurlar. Avropa İttifaqı, ABŞ və Yaponiya əsas ixracatçılar statusunu qoruyur, lakin onların ixrac artımı nisbətən məhduddur. Eyni zamanda, Malayziya, Meksika, Vyetnam, Tailand və bir sıra Afrika ölkələri gələcəkdə istehsal və emal mərkəzi kimi rolunu gücləndirmə potensialına malikdirlər. Hazırda əsas investisiyalar əsasən yüksək gəlirli ölkələrdə cəmləşsə də, yaxın perspektivdə aşağı və orta gəlirli ölkələrin də yarımkeçirici istehsalının yığım və test mərhələlərində daha fəal iştirak edəcəyi proqnozlaşdırılır. Bu ölkələr müvafiq mərhələlərdə iştirak imkanlarını nisbətən ucuz işçi qüvvəsi, mövcud infrastruktur resursları və geniş istehlak bazarlarına coğrafi yaxınlıq kimi üstünlüklər vasitəsilə gücləndirə bilərlər.
“World Mining Data 2025” hesabatının nəticələrinə əsasən, Azərbaycanda Sİ texnologiyalarının inkişafı üçün strateji əhəmiyyət kəsb edən mineral ehtiyatlar sırasında qızıl, mis və gümüş mühüm yer tutur. Ölkənin dünya bazarındakı payı qızıl üzrə 0,08%, mis üzrə 0,01% və gümüş üzrə 0,02% təşkil edir. Region ölkələri arasında isə Gürcüstan gümüş, İran mis və gümüş, Qazaxıstan isə hər üç metal üzrə istehsal göstəriciləri ilə seçilərək beynəlxalq bazarda əhəmiyyətli mövqeyə malikdir. Sİ texnologiyalarının inkişafını təmin edən məhsulların mövcudluğu xüsusilə əhəmiyyətlidir, çünki qlobal səviyyədə bu məhsulların ümumi dəyəri 2023-cü ildə 2,3 trilyon ABŞ dollarına yüksəlib və bu tendensiya strateji metallara olan tələbatı daha da gücləndirib. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən dərc edilmiş “World Trade Report 2025” hesabatı Sİ-nin ticarət xərclərinin azaldılması, məhsuldarlığın artırılması, eləcə də, xidmətlərin istehsalı və ixracı üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətli potensiala malik olduğunu göstərir. Hesabatda qeyd olunur ki, ÜTT ekspertləri tərəfindən həyata keçirilmiş simulyasiya nəticələrinə əsasən, Sİ-nin tətbiqi 2040-cı ilə qədər məhsul və xidmətlər üzrə qlobal ticarətin təxminən 40 faiz artmasına gətirib çıxara bilər.
Ceyran Bəbirova əlavə edib ki, Sİ ümumilikdə qlobal iqtisadiyyatın bütün sahələrinə təsir göstərmə potensialına malik strateji texnologiyadır. Bu kontekstdə həm imkanlar, həm də risklər mövcuddur və onların effektiv idarə olunması ölkələrdən daha çevik, inklüziv və koordinasiyalı siyasət tələb edir. Azərbaycan isə öz mineral resursları və sürətlə artan rəqəmsal potensialı sayəsində bu qlobal proseslərdə daha fəal iştirak etmək imkanına malikdir.
Mənbə: ereforms.gov.az