Tikintisi başa çatmamış Sənaye Məhəlləsinə dəyəri 33 mln. manatdan çox layihələr təklif olunub

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə  Masallı Sənaye Məhəlləsinin tikintisinə başlanılıb.

Artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.

Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 m2 olan 3 istehsalat korpusu, sahəsi 1251 m2 olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.

Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır