Torpaqların elektron uçotuna kosmosdan dəstək

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılomasında ölkəmizin kosmik imkanlarından  – süni peyklərinin məlumatlarından da istifadə olunacaq. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların elektron uçotu və kadastr sisteminin qurulması sahəsində Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə əməkdaşlığa başlayıb.

Dövlət başçısının bununla bağlı fərman və tapşırıqlarında torpaq uçotu işlərində müasir avadanlıqlardan istifadə və “Azərkosmos”la əməkdaşlıq da xüsusi vurğulanır. Bu tapşırıqların icrasına uyun olaraq komitə artıq “Azərkosmos”la birgə əməkdaşlığa başlayıb.

Bu məqsədlə, 21 fevral 2017-ci il tarixində  “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə” edilməsinə həsr edilmiş İctimai Təqdimat keçirilib.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (DƏKÜRX) və Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərkosmos” ASC arasında Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin  Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların  təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi sahələrini əhatə edəcək.  Eləcə də, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi  üzrə monitorinqlərin  aparılması, torpaq  ehtiyatlarının  mühafizəsi, torpaqların  eroziyasının və  səhralaşmanın analizi  (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır