Torpaqların konsolidasiyası ilə bağlı layihənin bağlanış mərasimi keçirilib

Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri, fermerlər və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumat verib.

Daha sonra Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək bildirib ki, layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, torpaq sahələrinin konsolidasiyası, təkcə Azərbaycan üçün deyil, dünyanın, o cümlədən Avropa ölkələrinin çoxunda aktual məsələlərdən biri kimi qəbul edilir. İlhamə Qədimova vurğulayıb ki, layihənin məqsədi torpaqların konsolidasiyası üzrə milli strategiyanı həyata keçirməklə yanaşı, respublikada kənd yerlərinin və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır