Transxəzər nəqliyyat dəhlizi üzrə multimodal məlumat mübadiləsinin rəqəmsallaşdırılması müzakirə olunub

“Şərqi Avropa və SPECA ölkələrində ticarət və nəqliyyatın asanlaşdırılması: BMT standartları əsasında multimodal məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbir BMT-nin Avropa İqtisadi Komissiyası, Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizi Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də tərəfdaş qurumların birgə təşkilatçılığı ilə reallaşıb.

Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Potensialın Artırılması Regional Ofisində hibrid formatda təşkil olunan seminarda 15-dən çox ölkənin dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, nəqliyyat və logistika şirkətləri, liman və dəmir yolu operatorları, eləcə də informasiya texnologiyaları mütəxəssisləri iştirak ediblər.

Transxəzər nəqliyyat dəhlizi boyunca yükdaşımaları müşayiət edən məlumat və sənədlərin rəqəmsallaşdırılması, UN/CEFACT standartlarının tətbiqi, pilot layihələr üzrə əldə edilmiş nəticələr və növbəti addımlar müzakirə olunub. İştirakçılar Transxəzər və digər dəhlizlər üzrə multimodal rəqəmsal məlumat mübadiləsinin qurulmasını regionun iqtisadi inkişafı üçün prioritet kimi dəyərləndiriblər.

Tədbirdə bir sıra mühüm qərarlar qəbul edilib. Həmçinin SPECA (Mərkəzi Asiya Ölkələrinin İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Proqramı) Çoxtərəfli Etimad Fondu çərçivəsində yeni layihələrin maliyyələşdirilməsi və 2026-cı ildə növbəti regional təlim seminarının keçirilməsi təşəbbüsü dəstəklənib.

Seminar çərçivəsində Azərbaycan tərəfindən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə olunmasını təmin edəcək “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platforması (Digital Logistics Platform – DLP) layihəsi təqdim olunub. Layihənin funksional imkanları, beynəlxalq standartlara uyğunluğu barədə məlumat verilib.

 

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı