BBN.az xəbər verir ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək, nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb.
Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilərək sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.
Qeyd edək ki, bu, TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında imzalanan sayca beşinci sazişdir. Bank əvvəlki illərdə də həmin maliyyə qurumundan kiçik və orta sahibkarlığın və ticarətin maliyyələşdirilməsi üçün vəsait cəlb edib.
Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla, istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.
TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya Fondu, Blue Orchard Fondu və digər nüfuzlu maliyyə təşkilatları ilə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına dəstək olur.
1992-ci ildən fəaliyyət göstərən Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı rəsmi veb səhifəsi və sosial şəbəkələrdəki (Facebook, Instagram və s.) səhifələrindən əldə etmək olar.