Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi üzrə aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb.
Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sindikat kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə sahibkarların valyuta risklərini azaldır və kiçik və orta biznesin maliyyə dayanıqlığını artırır.
Invest in Visions Fondunun baş portfel meneceri Sergey L. Şkolnikov bildirib ki, bu investisiya Azərbaycanda biznesin böyüməsi, yeni iş yerlərinin yaradılması və yerli istehsalın inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev isə qeyd edib ki, saziş Bankın inklüziv maliyyələşdirmə strategiyasını gücləndirəcək, KOB-ların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və regionlarda sahibkarlığın inkişafına töhfə verəcək. O həmçinin əməliyyatın strukturlaşdırılmasında dəstəyə görə Incofin-ə təşəkkür edib.
2006-cı ildə yaradılan Invest in Visions fondu inkişaf etməkdə olan ölkələrdə təsir yönümlü investisiyalara fokuslanır və əsasən mikromaliyyə və dayanıqlı infrastruktur layihələrini dəstəkləyir.
33 illik fəaliyyəti ərzində TuranBank mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətləri cəlb etmək istiqamətində bir sıra nüfuzlu maliyyə təşkilatları – ADB, EMF, BSTDB, ICD, BlueOrchard, ECO TDB və digər qurumlarla uğurlu əməkdaşlıq həyata keçirib.
Bankın məhsul və xidmətləri barədə əlavə məlumatı 935 çağrı mərkəzindən, rəsmi veb səhifəsindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.