Türkiyə ixracda rekorda imza atıb

Türkiyə Ticarət Nazirliyi mart ayına olan ixrac statistikasını açıqlayıb. Belə ki, statistikaya görə, Türkiyənin mart ayında ixrac etdiyi məhsulların ümumi dəyəri 16.3 milyard dollara çatıb və mart ayı üzrə ən yuxarı göstərici olub. Bu göstərici ötən ayın ixrac göstəricisinə nəzərən 0.5% artıb.

Ötən ilin cari dövrünə  nisbətdə Türkiyənin xarici ticarət kəsirində kəskin enmə müşahidə olunub. Belə ki, sözügedən göstərici 67.3% azalaraq 1.9 milyard dollar olub. Buna idxal göstəricilərində baş verən azalma da təsir göstərib. Mart ayında idxal 17.8% azalaraq 18.3 milyard dollar olub.

Bununla yanaşı, ilk rübdə həyata keçirilən 44.5 milyard dollarlıq ixrac göstəricisi ilə, Türkiyə tarixində ən böyük həcmli rüblük ixrac qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır