
Türkiyədə 2025-ci ilin sentyabr ayında işsizlik səviyyəsi 8,6 faiz səviyyəsində qeydə alınıb.
BBN.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı əmək bazarı göstəricilərində əksini tapıb. Məlumatlar göstərir ki, ölkədə işsizlik göstəricisində cüzi artım müşahidə olunub.
Hesabata əsasən, 15 və yuxarı yaş qrupuna daxil olan işsizlərin sayı sentyabrda əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfərə çatıb. Ümumi işsizlik faizi dəyişməyərək 8,6 faiz səviyyəsində qalıb. Bu göstərici kişilər arasında 7,4 faiz, qadınlarda isə 11,1 faiz təşkil edib.
Mövsümi təsirlərdən təmizlənmiş məşğulluq məlumatlarına görə, sentyabr ayında məşğul əhalinin sayı əvvəlki aya nisbətən 200 min nəfər az olub və 32 milyon 491 min nəfər səviyyəsində müəyyənləşib. Ümumi məşğulluq faizi 48,9 faiz, kişilər üzrə 66,3 faiz, qadınlar üzrə isə 31,8 faiz kimi qeydə alınıb.







