Türkiyə Mərkəzi Bankının Para Politikası Kurulu əsas siyasət faizini dəyişməyərək sabit saxlayıb.
Qurumun yaydığı açıqlamaya görə, bir həftəlik repo hərracı üzrə politika faizi 37 % səviyyəsində saxlanılıb. Eyni zamanda, Mərkəzi Bank gecəlik borcvermə faiz dərəcəsini 40 %, gecəlik borcalma faiz dərəcəsini isə 35,5 % səviyyəsində sabit saxlayıb.
Məlumata görə, fevral ayında inflyasiyanın əsas meyli demək olar ki, dəyişməyərək sabit qalıb. Bununla yanaşı, geosiyasi hadisələr fonunda qeyri-müəyyənliklərin artdığı, qlobal risk iştahının zəiflədiyi və enerji qiymətlərində artımın müşahidə edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu amillərin inflyasiya proqnozuna yarada biləcəyi riskləri məhdudlaşdırmaq üçün sərt pul siyasətini dəstəkləyən qərarlar və maliyyə tədbirləri həyata keçirilir. Geosiyasi proseslərin həm xərclər kanalı, həm də iqtisadi fəaliyyət vasitəsilə inflyasiyaya təsiri yaxından izlənilir.
Bildirilib ki, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti davam etdiriləcək. Bu siyasət tələbat, valyuta məzənnəsi və gözləntilər kanalları vasitəsilə dezinflyasiya prosesini gücləndirməlidir.
Qurum vurğulayıb ki, faiz dərəcəsi ilə bağlı qərarlar inflyasiyanın faktiki göstəriciləri, əsas meyli və gözləntilər nəzərə alınaraq qəbul ediləcək. İnflyasiya proqnozunda ciddi və davamlı pisləşmə baş verəcəyi təqdirdə pul siyasətinin daha da sərtləşdirilməsi mümkün olacaq.
Həmçinin qeyd edilib ki, kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər baş verərsə, pul ötürmə mexanizmi əlavə makroprudensial tədbirlərlə dəstəklənəcək. Likvidlik şəraiti diqqətlə izlənəcək və likvidliyin idarə olunması alətləri aktiv şəkildə istifadə ediləcək.
Mərkəzi Bankın Pul Siyasəti Komitəsinə qurumun sədri Yaşar Fatih Karahan ilə yanaşı Osman Cevdet Akçay, Elif Haykır Hobikoğlu, Gazi İshak Kara, Hatice Karahan və Fatma Özkul daxildir.
Qeyd olunub ki, Pul Siyasəti Komitəsinin iclasının xülasəsi beş iş günü ərzində açıqlanacaq.