UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA! – 2-ci hissə

hazir

Elşən Bədirxanov

DAVAMI, əvvəli ilk hissədə

1-ci fəsil. Uğura aparan yol.

Əgər bu fəslə Ön sözü oxumadan başlayırsızsa, nəticənin daha yüksək olması üçün, xahiş edirəm, geri qayıdaraq ən azı “Kitabça barəsində ümumi məlumat”, “Bələdçinin strukturu və onu necə oxumalı” və “Biz necə şanslı olduğumuzu dərk edirikmi?” bəndlərilə tanış olasız.

Uğur nədir?

Biz hamımız uğur qazanmaq istəyirik. Əvvəlcə müəyyənləşdirək görək “uğur”, “xoşbəxtlik” nədir? Bəzi müəlliflər uğuru, xoşbəxtliyi bir neçə sahədə yüksək nəticənin qazanılması kimi qəbul edirlər: işdə, maliyyə sahəsində (yüksək qazanc və sevimli işin olması), ailədə (xoşbəxt ailə), şəxsi inkişafda (mənəvi və peşəkar biliklərın artırılması), sağlamlıq (sağlam həyat tərzi nəticəsində özünü sağlam və gümrah hiss etmə). Bəziləri bu siyahıya dostları da əlavə edirlər (sadiq və maraqlı dostların olması).

Burada maraqlı bir cəhət var. Bir sahədəki uğur digər sahələrdəki uğura müsbət təsir edir. Buna görə də məqsədimiz biznesin qurulması olsa da digər sahələrdə də uğur qazanmağın yolları barədə danışacağıq.

Varlı insanlar barəsində miflər.

Əvvəlcə gəlin biznesdə uğur qazanan insanlar haqqındakı miflərdən danışaq. Baxaq görək onlar haqqında stereotiplər nə dərəcədə düzdür. Bir məqamı xüsusi qeyd edim, mən “uğurlu”, “varlı” deyəndə yalnız qanuni yolla qazanan insanları nəzərdə tuturam. Sıralama vacibliyi əks eləmir.

 1-ci mif. Varlı insanların bəxti gətirib və ya taleləri belə yazılıb.

Belə bir məsəl var, bəxt güclülərin tərəfindədir. Uğur həmişə gərgin əməyin nəticəsidir, təsadüf olmur. Sahibkarlıq ruhu ən vacib amildir. Buraya cəsarət, proaktivlik, zəhmətkeşlik, ruhdan düşməmək, fürsəti görmək və ondan istifadə etmək qabiliyyəti və digər keyfiyyətlər daxildir. Hərəkətlərin keyfiyyəti və sayı əvvəl-axır müsbət nəticəyə gətirib çıxaracaq. Məsələn, tutaq ki, satıcının 10 satış cəhdindən orta hesabla 1-i uğurlu alınır. Deməli, əgər o, 3 cəhddən sonra sata bilməyib ruhdan düşsə, nəticə əldə etməyəcək. Ümumiyyətlə bizdə bəxt, tale anlayışlarını fatallıq kimi qəbul edirlər (bütün hərəkətlərin insanın əvəzinə müəyyən edilərək alın yazısında əks olunması), hərçənd ki, dinimizdə də belə deyil. Əks halda insan öz hərəkətlərinə görə cavabdeh olmazdı. Tərslikdən, digər dillərdən fərqli olaraq, bizdə “xoşbəxt” sözünün etimologiyası aydın görünür. Əvvəllər xoş güzaran keçirən, həyatından məmnun olan insan yaxşı bəxti olan adam hesab edilib. Fikir verin, məsələn, ingilis və bir çox digər dillərdə “xoşbəxt” sözü bu kimi iki sözdən əmələ gəlmir (hərçənd etimologiyası oxşardır). Bizdə “happy” sözündə də “lucky” sözündə də “bəxt” hissəsi var (xoşbəxt və bəxtəvər). Sanki, bəxtsiz heç nə mümkün deyil. Əslindəsə insan öz addımlarını özü atır və məsuliyyətini də özü daşıyır. Təsadüf və bəxtin rolu var, amma həyatınızı onların üzərində qurmamalısız.

Uğurlu insanlar talelərinin əksər hissəsini özləri yazırlar (yəni, səndən hərəkət, məndən bərəkət). Bu barədə ətraflı danışacağıq.

 2-ci mif. Varlılar qazanmağın konkret mexanizmini bilirlər.

Universal sxemlər yoxdur. Bu vərdişlər öyrənmənin, şəxsi keyfiyyətlərin və təcrübənin vəhdətidir. Biz şahmatda fiqurların necə getdiyini bilə bilərik, amma Maqnus Karlssen demirəm, heç idman ustası olan şahmatçını da udmaq şansımız yoxdur. Bunun üçün sahibkarlıq keyfiyyətlərini (ilk növbədə yeni düşüncə tərzini) özümüzdə aşılamalı, öyrənməli və təcrübə qazanmalıyıq. Hərəkət və dəyişmənin vacibliyi barədə Robert Kiyosakinin “Varlı ata, kasıb ata” kitabından bəzi maraqlı fikirlərini diqqətinizə çatdırmaq istəyirəm:

  • Gələcəyiniz sabah edəcəyinizdən yox, bu gün edəcəyinizdən asılıdır;
  • Kasıb ata deyirdi ki, “kasıb olmağımın səbəbi sizsiz, övladlarım”, varlı ata isə deyirdi ki, “varlı olmağımın səbəbi sizsiz, övladlarım”;
  • Əksəriyyət gözləyir ki, dünya, insanlar dəyişsin, amma özü dəyişmir.

3-cü mif. Varlı olmaq üçün yaxşı əlaqələrin olmalıdır.

Sənin ətrafın, əlaqələrin inkişafının nəticəsidir. Əlaqələri yaratmaq mümkündür və lazımdır. Onları genişləndirmək üçün gərək sən digəriləri üçün maraqlı olasan. Bundan başqa, əlaqələr vacibdir, amma onsuz da keçinmək olar. Məhsulunuz, satış sisteminiz və iradəniz güclüdürsə, əlaqələr kritik faktor deyil. Məşhur amerikalı qaradərili aparıcı və prodüser Opra Uinfrinin uşaqlığı və gəncliyi çox ağır keçib. O, kasıb ailədə böyüyüb, uşaqlıqda zorakılığa məruz qalıb, amma heç bir əlaqələri olmadan dünyanın ən zəngin insanlarından birinə çevrilib (2013-cü ildə varidatı 2,8 mlrd dollar idi).

 4-cü mif. Pulu yalnız pul gətirir.

İmkanlı insanların əksəriyyəti varidatını sıfırdan qazanıb. Xüsusilə kiçik biznesə başlamaq üçün bəzən demək olar ki, heç vəsait tələb olunmur. Bu barədə sonuncu fəsildə ətraflı danışacağıq. Opra Uinfri (mediamaqnat), Stiv Cobs (Apple), Yan Kum (WatsApp), Sergey Brin (Google), Mark Tsukerberq (Facebook), Hovard Şults (Starbucks) və bir çox digər milyardçılar varidatını sıfırdan kiçik investiya ilə yaradıblar. 1976-cı ildə Stiv Cobs öz köhnə folksvagenini, tərəfdaşı Stiv Voznyak isə sevimli elektron kalkulyatorunu sataraq Apple şirkətini yaratdılar. Kiçik biznesdə isə bu çox rahatdır. Kris Qilbo “100 dollara startap” kitabını müxtəlif ölkələrdə orta hesabla 610 dollara biznes quran və il ərzində azı 50 000 dollar qazanan şəxslərə həsr edib (36%-i biznesini 100 dollardan az vəsaitlə qurmuşdu).

5-ci mif. Varlılar çox gözəl təhsil alıblar.

Təbii ki, yaxşı təhsilin rolu var, amma bu heç də həlledici amil deyil. Bill Qeyts, Mark Sukerberq, Maykl Dell, Stiv Cobs ali məktəb bitirməyiblər. Bir nəfər 4,5 il oxuyub və ali məktəbi bitirməyə yarım il qalmış təhsilini atıb və sonra milyonçu olub. Riçard Brenson məktəbdə pis oxuyub, disleksiyadan əziyyət çəkib (danışıq və yazı vərdişlərində problemlər). Amma buna baxmayaraq o, hal-hazırda Britaniyanın ən varlı adamlarından biridir, yaratdığı Virgin Group-a isə təxmini 400 şirkət daxildir (aviadaşıma, səsyazı studiyaları, mobil rabitə və s. sahələr üzrə).

Onların hamısını başqalarından fərqləndirən düşüncə tərzidir.

6-cı mif. Varlı insanlar anadangəlmə istedada malikdirlər.

Sözsüz ki, istedadlı insanlar üçün uğur qazanmaq daha rahatdır. Sadəcə, istedadını özündə hələ aşkarlamayan insanlar daha çox səy göstərməlidirlər. Mütləq deyil ki, hamı Bill Qeyts olsun (hərçənd bu da mümkündür), heç kimin tanımadığı bir milyonçu olmaq da ən azı başlanğıc üçün heç də pis deyil.

Varlı insanların əksəriyyəti qeyri-adi istedada malik deyillər. Uğurlu insan qalib düşüncəsinə malikdir və düşünür ki, necə qalib gəlsin. Uğursuzsa fikirləşir necə edim ki, uduzmayım. Varlı insanlar özünə “Nə? Necə?” sualları verir (nə, necə edim ki, uğur qazanım, çətinliyi dəf edim, məqsədimə nail olum), uğursuzlar isə “Niyə?” (axı niyə mən bəxtsizəm, niyə iş həmişə mənim başıma gəlir).

Pozitivliyə, uğur gətirəcək hədəflərə tuşlanın. Beyin nəyə tuşlanıbsa insan ona fikir verir. Körpəsi olan ana yorulub yatanda muxtəlif səslər onu çox vaxt oyada bilmir, amma uşaq bircə dəfə qışqıran kimi yerindən dik atılır. Odur ki, uğurlu biznesin yaradılmasına tuşlanın! Bu zaman hər yerdə, hətta problemlərdə də bir fürsət görəcəksiz.

Təbiət qanunları kimi Uğur qanunları da mövcüddur. İdmançı öz əzələlərini necə şişirdirsə siz də vərdişlərinizi məşq etdirin. Heykəltaraş bir zərbəylə mərmərdən heykəl düzəldə bilməz, siz də beləcə pillə-pillə öz uğurunuzun bünövrəsini qurmalısız. Bu bünövrə nə qədər dərin və möhkəm olsa, tikəcəyiniz uğur binası da bir o qədər hündür və dözümlü olacaq. Fədakar olun, məqsədlərinizə mütləq çatacaqsız.

 Dəyişikliklərə başlamaq üçün problemin movcudluğunu qəbul etməliyik.

Fortepianoda ifa zamanı və ya şahmat oyununda problemlər varsa özünü o dəqiqə göstərəcək. Şəxsi keyfiyyətlərdəki problemlər isə özünü uzun müddət büruzə verməyə də bilər.

Eynşteyn, “Eyni şeyi edib fərqli nəticə gözləmək ağılsızlıqdır” deyib. Səy göstərin ki, yeni yanaşmanı adətə çevirəsiz. Əvvəlcə siz adətləri yaradırsız, sonra isə onlar sizi. Yeni adətlər 3 aya yaranır. Çalışın ki, ildə 4 pis adətinizdən əl çəkəsiz və ya yeni yaxşı adət qazanasız.

Belə bir aforizm var. Fikir əkərsən hərəkət biçərsən, hərəkət əkərsən adət biçərsən, adət əkərsən xasiyyət biçərsən, xasiyyət əkərsən tale biçərsən.

Doğrudan da hər şey fikirdən başlayır. Köhnə düşüncəni, pis adətləri dəyişmək asan deyil, ən çətinisə başlanğıcdı. Bu proses kosmik gəminin yerdən qalxmasına bənzəyir. İlk dəqiqələrdə uçuşun digər vaxtından daha çox enerji sərf edilir.

İnsanın hər gün etdiyi, öyrəşdiyi hərəkətlər və həyat tərzi onun komfort zonasıdır. İnsan bu zonadan kənara çıxmaq istəmir, müqavimət göstərir və yeni addımın niyə görə məqsədəuyğun olmaması barədə uydurmalar düşünür və özünü buna inandırır (özünə sərf edir deyə inandırmaq üçün zəhmət çəkməyə ehtiyac olmur). Amma insanın inkişaf etməsi üçün atmalı addımlar əksər hallarda komfort zonasından kənarda yerləşir. Məsələn, bir nəfər idmanla məşğul olmur. Tənbəllikdən hesab edir ki, onun üçün belə yaxşıdır. Kimsə idmanla məşğul olmağı təklif edəndə əksər hallarda nə baş verir? Həmin adam başlayır bəhanələr gətirməyə: özümü yaxşı hiss edirəm, ona görə də hələ ehtiyac görmürəm (güya ki, idmana özünü pis hiss edəndə başlamaq lazımdır:)), hava soyuqdu, ona görə xəstələnərəm, vaxtım yoxdur (belə deyən insanları görəndə elə təəssürat yaranır ki, guya hər bir saniyəsini robot kimi məhsuldar keçirirlər, telefonla saatlarla oynamırlar, yersiz söhbət etmirlər, boş-boş xəyala dalmırlar, işlərini planlı görürlər və s., idmanla məşğul olanlarsa boş-bekar adamlardır), səhhətimə ziyan olar (əzələlərimi zədələyərəm, qaçmaq ziyandı, filankəs qaçırdı nə oldu? 50 yaşında öldü). Yalan danışmaq istəməyənlər isə sadəcə deyirlər ki, həvəsim yoxdur:). Amma əslində hamı anlayır ki, düzgün idman səhhəti möhkəmlədir, insanı daha gümrah edir. Nəticədə insan uzunömürlü olmaq və sağlam yaşamaq şansı qazanır, həyatda daha enerjili olur. Buna görə də komfort zonasından çıxın, uğur komfort zonasından kənardadır. Düzgün davranışı vərdişə çevirərək onu yeni komfort zonasına daxil edin.

Uğur üçün tələb olunan keyfiyyətlərin hansı sizdə ən az inkişaf edibsə, ola bilsin ki, məhz o, sizin uğurunuzun mümkün olan ən yüksək nöqtəsini müəyyən edir. Bu fikrin banilərindən sayılan Qoldrat “Məqsəd” əsərində istehsalatda bottleneck nəzəriyyəsini maraqlı şəkildə təsvir edir. Amma bu fikir fərdlər üçün də aktualdır. Məsələn, satış sahəsində müştəri tapmaq, əlaqə yaratmaq, təqdimat vərdişləriniz əladırsa, amma əməliyyatı bağlamaq vərdişiniz zəifdirsə, satışlarınızın həcmini məhz bu keyfiyyətin səviyyəsi müəyyən edəcək.

Bəzi terminlərdən istifadə edəcəyik. Məsələn, vərdiş, bilik və bacarığın birləşməsidir. Adət isə öyrəşdiyimiz müsbət (kitab oxumaq kimi) və ya mənfi (siqaret çəkmək kimi) keyfiyyətlərdir.

İndi isə gəlin uğur üçün tələb olunan 10 keyfiyyət və vərdişi bir-bir müzakirə edək.

Davamı növbəti buraxılışda . . .

UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA!” adlı kitabı tam olaraq silsilə məqalələr şəklində izləmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:  

https://www.facebook.com/BBNNEWS/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır