UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA! – 35-ci hissə

hazir

Elşən Bədirxanov

DAVAMI, əvvəli 34-ci hissədə

Vebsayt

İnternet-marketinqin ən vacib alətlərindən biri də vebsayt sayılır. Hər hansı bir məhsulu almazdan qabaq müştəri əvvəlcə onun haqqında internetdə məlumat əldə etməyə can atır. Vebsaytınızın olmaması ilə potensial müştərilərin sizi internetdə tapmağı daha da çətinləşdirmiş olursuz. Vebsaytınızın olması biznesinizin müştərilərin gözündə daha ciddi və peşəkar göstərə bilər. Əlbəttə bir çox yeni biznes sahibi vebsaytlarının olmamasının əsas səbəbinin vəsait olduğunu qeyd edir. Lakin bu günkü reallığa baxsaq, bir çox resurslar varki, biz onlardan çox rahat şəkildə istifadə edərək öz vebsaytımızı yarada bilərik. www.wix.com, www.squarespace.com, www.wordpress.com kimi internet resursları istənilən şəxsə cəmi 1 gün içində öz vebsaytını pulsuz və ya çox az bir vəsaitə yaratmaq imkanı verir. Vebsaytınızın 15-20 səhifədən ibarət olması vacib deyil, ilkin olaraq müştəriyə ən lazımlı məlumatı çatdıracaq sadə bir vebsayt yarada bilərsiz.

Sayt necə olmalıdır (Stiv Blank və Bob Dorfun “Startapperin masaüstü kitabı”-ndan)

Bütün eyni adlı domenləri qeydiyyata almısızmı? O qədər də baha deyil, ona görə, imkan daxilində, hamısını alın (az, com, net, org və s.).

Saytın baş səhifəsinə dair bir sıra tələblər var ki, onlar müştəriləri alışa sövq edə bilər. Burada hər məqam öz rolunu oynayır: kontent (saytdakı məlumat), dizayn və üslüb, funksionallıq, naviqasiya və struktur. Əlavə olaraq orada satışa meylliliyi artıran aşağıdakı ələtlər də yerləşdirilə bilər:

  • Məhsul barədə videoçarx;
  • Pulsuz təkliflər;
  • İstehlakçılarla əks-əlaqə alətləri;

Baş və ya hədəf səhifəsinin kontenti (sonradan “baş səhifə” adlanacaq)

“Deyin görüm hara düşmüşəm!” İstifadəçilər saytınıza müxtəlif üsullarla daxil olurlar: reklam e-mail-ları, tövsiyə istinadları (linkləri) vasitəsilə və s. Elə düşünməyin ki, hamı harada olduğunu dərhal anlayacaq. Onları salamlayaraq hara düşdüklərini izah edin: “Ən məşhur oyun portalına xoş gəlmisiz!”.

İstifadəçiləri sizə lazım olan hərəkətə dəvət edin. Məsələn, “dərhal alın”, “qeydiyyatdan keçin”, “tədbirdə iştirak edin”. Dəvətinizdə onlara xeyirlərini aydın şəkildə göstərin. Baş səhifə aşağıdakı funksiyaları həyata keçirməlidir: məhsulun hansı problemi həll edəcəyini və bunun istifadəçilər üçün niyə görə vacib olmasını izah etməli, məhsulun quraşdırılma və istifadəsinin rahat olmasını bildirməli, məhsulun necə işləməsini aydın göstərməli, məhsulun yaxşı çalışdığını göstərməli (digər istifadəçilərin müsbət rəyləri, rəqiblərlə müqayisədə üstünlüklər, nümayiş etdirilmə və digər vasitələrlə).

Hərəkətə sövq baş səhifəyə üç şəkildə yerləşdirilə bilər: hiperlink, düymə və ya formalar. Onlar gözə girməli və aydın olmalıdır. Məhsulun ən cəlbedici xüsusiyyətlərini qeyd edin və yazılanlar barədə əlavə məlumatlara keçmək imkanı yaradın. Baş səhifə istifadəçini hərəkətə sövq etməyə inandırmalıdır. Mətn üzrə müxtəlif yerlərdə “indi cəhd et”, “indi sına”, “alış et”, “yüklə”, “əməkdaşımızla əlaqə” düymələrindən münasibləri olmalıdır. Şirkətinizin ən önəmli məhsulu daha çox çəlbedici olmalıdır.

Qısa və konkret yazın. Unutmayın ki, istifadəçilər saytınıza bəlkə də təsadüfən daxil olublar və çox vaxt sərf etməyə meylli deyillər. Şrift rahat oxunmalıdır.

Müsabiqə, promoaksiya və lotereyalar təşkil edin (məsələn, saytınızın mobil versiyasını yükləməyə həvəsləndirmək üçün).

Kontenti daim yeniləyin. Baş səhifədə yazılanlarla yanaşı bu məlumatlar da olmalıdır: şirkətin tarixçəsi, tərəfdaşları (əgər müştərilər üçün çəlbedicidirsə), şirkət və məhsul haqqında yeniliklər, əlaqə vasitələri (ünvan, telefon, e-mail, sosial şəbəklərdəki ünvan), müştərilərə dəstək və ya xidmət mərkəzi barədə ümumi məlumat (əgər varsa).

Dizayn və üslub

Xüsusilə baş səhifə istifadəçilər üçün sadə və aydın şəkildə tərtib edilməlidir. Alış üçün müxtəlif vasitələr nəzərdə tutun: zəng, kommentin edilməsi, alış düyməsinin basılması və s.

Ən vacib çağırışların dizaynı daha cəlbedici olmalıdır (məsələn, “Bu ay üçün xüsusi təklif!”).

Boş yer çox saxlayın ki, göz yorulmasın.

Əgər diaqram, cədvəl və qrafiklər verilirsə, onlar olduqca sadə olmalıdır ki, tez başa düşülsün.

İnteraktivliyi unutmayın. İnternet ani əks əlaqə qurmaq üçün demək olar ki, yeganə vasitədir.

İri düymələrdən istifadə edin: “yüklə”, “indi al”, “qeydiyyatdan keç” və s.

Naviqasiya

Naviqasiyanın mahiyyəti məlumatların məntiqi ardıcıllıqla yeləşdirilməsi və məqsədə çatmaq üçün ən qısa marşrutun təmin edilməsindən ibarətdir. Müştərilər müxtəlif səhifələrə rahat daxil ola bilməli və hər səhifədə hərəkətə sövq edən çağırış və düymələri görməlidirlər. Sadəlik və rahatlıq da vacibdir.

Saytın ümumi funksionallığı

İstifadəçilərin sövq edilməsi alətlərindən istifadə edin. Əvvəl yazıldığı kimi, video, animasiya və digər vasitələr müştərilərin cəlb edilməsinə xidmət etməlidir. Bəzi misallar:

“Öz yaşınızı daxil edərək üç suala cavab verin ki, sığorta haqqının məbləğini öyrənəsiz”. “Personajı seçərək onunla söhbət edin”. “Xoşunuza gələn oyuncağı seçin”. “Endirim qazanmaq üçün düyməni basın. Çatdırılma pulsuzdur”.

Məhsulunuz barəsindəki videoçarx PowerPoint prezentasiyasından daha təsirlidir. Çalışın ki, bu çarx bir dəqiqədən artıq olmasın. Cəhd edin ki, potensial müştəri məhsulunuzun heç olmasa bəzi imkanlarından istifadə etsin. Məsələn, “oyunun qısa versiyasını sınayın”. Nümayiş videoçarxı çağırışla bitməlidir.

İstifadəçiləri məhsulu sınamağa təhrik etmək üsulları

Müəyyən müddət ərzində və ya məhdud imkanlarla məhsulunuzdan pulsuz istifadə etmək imkanı yaradın (internet məhsullarında). Təklifi müştərilərin özlərinə birbaşa da göndərmək olar (məsələn e-mail ilə). Təklifinizdə istifadəçini məhsulun istifadəsinə inandırmalısız. Şirkətinizlə rahat əlaqə imkanları da e-mail-da qeyd edilməlidir (sorğu və ya sifariş üçün).

İnteraktiv alətlərdən istifadə edin (məsələn, kalkulyatordan). Animasiyadan lazımı qədər istifadə edin ki, müştərini bezdirməsin.

Hər bir mənbədən daxil olan istifadəçilər üçün ayrıca hədəf səhifəsi yaradıla bilər. Məsələn, Yahoo-dan daxil olanları bu şəkildə salamlasaz nəticəsi daha yaxşı olar: “Yahoo-lu dostlar, xoş gəlmisiz”, “Yahoo istifadəçiləri üçün xususi təklif”. Müştəri bilməyəcək ki, Gmail istifadəçiləri üçün də analoji hədəf səhifəsi yaradılıb.

Müştəriləri hərəkətə təşviq etmək üçün demək olar ki, ayrıca bir fəaliyyət sahəsi yaranıb

Müntəzəm olaraq bu məqsədə xidmət edən yeni alətlər yaranır. Bəzilərinin populyarlığı artır, digərilərinin isə azalır. Əgər biznesiniz bunu tələb edirsə, vaxt sərf edib ən effektivlisini seçməyə dəyər. Digər saytlarla yanaşı onlarla burada da tanış ola bilərsiz: www.steveblank.com. Baş səhifə ilə yanaşı digər cəlbetmə vasitələrinə də əl atın:

E-mail kaskadı.Müştərilər öz e-mail ünvanlarını paylaşmağa meylli deyillər, ona görə də əldə etdiyiniz ünvanlara qiymətli bir sərvət kimi baxın. Ardıcıl göndəriləcək üç məktub hazırlayın. Hərəsində məhsulunuzun müxtəlif xüsusiyyətlərindən, müştəri üçün yaratdığı əlavə dəyərdən və onu almağın niyə məqsədəuyğun olmasından yazın. Mətn qısa, cəlbedici və inandırıcı olmalıdır. Mətndə hərəkətə çağırış, həmçinin qeydiyyat, alış, pulsuz sınaq və s. üçün keçidlər olmalıdır. Belə məktublar müştəriyə narahatlıq törətsə növbəti göndərişləri dayandırmaq üçün düymə və ya istinad olmalıdır. Çalışın ki, məktublarınız həm HTML, həm də mətn formatında tərtib edilsin, çünki bir çox poçt serverləri HTML formatında olan e-mailları bloklayır.

Qiymət və ya stimullaşdırıcı təkliflər. Qiymət siyasəti də cəlbetmə üsullarından biri ola bilər. Pulsuz və xüsusi təkliflər, böyük alış həcminə görə endirim və digər imkanları nəzərdən keçirin. Gəlirinizi azaltmamaq üçün belə xüsusi təklifləri müştəri tam qiymətə alışdan imtina etdikdən sonra edin.

Ənənəvi alətlər. Qeyri-dicital marketinq vasitələrini də unutmayın. Məsələn, müsabiqə keçirə bilərsiz. Telemarketinq (kütləvi telefon zəngləri vasitəsilə satış) də təsirli üsüllardan biridir. KİV-lərdə reklam imkanını da nəzərə alın.

Sınadığınız cəlbetmə alətlərinin effektivliyini ölçün (yəni, bir cəlb edilmiş müştəri neçəyə başa gəlir) və uyğunlarını seçin.

Saytla bağlı Erik Risin də maraqlı fikirlərini çatdırmaq istərdim (bu sahədə qeyri-peşəkarların edə biləcəklərinin bir qismini çatdırıram):

Bəzən sayt əvəzinə WordPress-də bloq yaratmaq kifayətdir. Belə bloqu, internetdə qaydasını öyrənərək, özünüz də 1-2 həftəyə yarada bilərsiz.

Domen almısızsa orada pulsuz olaraq Google Apps yerləşdirin ki, şirkətinizin adı, elektron poçt ünvanı və s. görünsün. Sayt vasitəsilə pulsuz sorğuların keçirilməsi üçün, məsələn, Google Forms və ya Wufoo-nu saytınızda yerləşdirin. Müştəri kliklərinin sayını, saytda keçirdiyi vaxtı, trafikin mənbəyini izləmək üçün ən azı ilk dövrdə Google Analytics web-analitika alətindən istifadə edin.

Müştəri məmnuniyyətini ölçmək, qeyd və təklifləri almaq üçün müvafiq alətlərdən istifadə edə bilərsiz (GetSatisfaction, UserVoice və s.)

Saytınızda ödənişlərin edilməsi üçün alətlər (xüsusilə məhsul və ya xidmət internet vasitəsilə satılırsa) və bu sahədə əlavə imkanlar barədə məlumat olmalıdır (məsələn, qoşulduğunuz yerli ödəniş sistemləri, bank rekvizitləri (hüquqi şəxslər üçün maraqlı ola bilər) və s.).

Unutmayın ki, saytda təkmilləşdirmələr, istifadə etdiyiniz alətlərin dəyişdirilməsi müntəzəm olmalıdır ki, effektivliyi maksimal olsun.

İndi isə sayta müştərilərin cəlb edilməsi və satışa sövq edilməsilə bağlı yaranan problemlər və onlardan çıxış yolları barədə danışaq.

Sayta daxil olanların sayı azdır.

Yəqin ki, təhlükəsizlik və bəzi digər dövlət orqanlarından savayı bütün başqa şirkət və strukturlar insanları saytlarına cəlb etməkdə maraqlıdırlar. Saytdan istifadə edən olmasa onu yaratmağın mənası yoxdur. Belə problemlə üzləşmisizsə mətnin əvvəlinə qayıdaraq bütün bəndlərin düzgün edilməsinə əmin olun. İmkan varsa mütəxəssilərlə məsləhətləşin. Sosial şəbəkələrdə geniş dost şəbəkənizdən yararlanın (netvorkinq mövzusundan bilirsiz ki, belə şəbəkəni qabaqcadan yaratmalısız), onlardan xahiş edin ki, öz dostlarına da məhsulunuz və saytınız barədə məlumat versinlər. YouTube üçün maraqlı bir videoçarx çəkərək onun maksimal paylaşmasına çalışın. URL adınız mürəkkəbdirsə sadəsinə dəyişdirin. Qeyri-adi bir marketinq yolu tapın ki, insanların dilinə düşəsiz (məsələn, partizan marketinqinə əl atın).

İstifadəçilər sayta daxil olur, amma alış etmədən çıxırlar.

Çox güman ki, problem təklifinizin dəyəri və məhsulunuzun mövqeləşdirilməsindədir. Bu mərhələyə qayıdaraq yenidən düşünün. Bəlkə saytınıza keçidi təmin edən mənbə sizin hədəf kütlənizə uyğun deyil? Sayta cəlb edilən müştəriləri alışa sövq etmək üçün istifadə etdiyiniz alətləri bir daha gözdən keçirin, işləməyənləri digərilərilə əvəzləyin. Alışa sövq edən təkliflərin (düymələrin) sayını çoxaldın (hər hansı bir addım artıq müsbət bir nəticədir: istədiyiniz turu seçin, indi pulsuz sınaqdan keçirin, daha çox məlumat alın və s.). Pulsuz versiyanı (internet məhsullarında) təklif edin və ya müsabiqə elan edin (tutaq ki, ilk 10 sifariş edənə hədiyyə verilsin). Mətnin və şəkillərin yeri, şrifti, rəngi, həcmi və digər dizayn elementlərini imkan daxilində bir-bir dəyişərək alışların dinamikasını izləyin. Potensial müştərilərinizlə əlaqə yaradaraq problemi araşdırın, məsləhət alın. Bütün bu addımlar kömək etməsə mütəxəssislərə müraciət edin.

İnternetdən saytın texniki tərəfləri və satışyönümlü olması yolları barədə yüzlərlə maraqlı məqalə tapa bilərsiz. Bu Əlavə isə yalnız ilkin ümumi bir məlumatdır. Bu yolda sizə uğurlar!

Əslində internet marketinqin imkanları və alətləri yazdığımdan qat-qat çoxdur. Məsələn, e-mailların müştərilərə göndərilməsinin avtomatlaşdırılması, videokonfransların və və vebinarların təşkil olunması və s. Amma güman edirəm ki, burada qeyd olunanlar da ən azı biznesinizin başlanğıc dövründə sizə kifayət edəcək. İndi isə az xərc tələb edən digər marketinq formasından danışaq.

https://www.facebook.com/BBNNEWS/ 

Ətrafındakı insanların UĞUR-una dəstək olmaq üçün yazını paylaş !

Davamı növbəti buraxılışda …

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır