Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırır. İnnovasiyalayihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin transformasiyası proqramının daha bir komponentidir.

Təşəbbüs haqqında sualları “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.

  • Faiq müəllim, Unibank hər zaman ilkləri ilə seçilib. İstər innovativlik,  istərsə də yeni məhsulların bazara təqdim edilməsi baxımından davamlı yeniliklər olur. Hal-hazırda ölkənin bank bazarı üçün yeni olan daha bir layihəni təqdim etməyə hazırlaşırsınız. Bu layihənin özəlliyi nədir?

Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq.  Daxili innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı. Biz fəxrlə deyə bilərik ki, həyata keçirməyi hədəflədiyimiz layihə Azərbaycan bank sektorunda innovasiya sahəsinə ayrılan ilk böyük maliyyə büdcəli bir layihədir.

  • Layihə haqda bir qədər ətraflı məlumat verə bilərsiniz? Kifayət qədər böyük büdcəyə malik bu layihə çərçivəsində vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə yönəldilməsi nəzərdə tutulur?

Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır. Təklif olunan layihələrə Bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də aid etmək olar. Əsas – təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə səmərəsinin olmasıdır.

Prosesin gedişatı çox sadədir: İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun maliyyələşdirilməsi aparılır. Layihə müəllifi birbaşa icra prosesinin içində olur və layihənin nəticələrinin alınmasının qarantı kimi çıxış edir. Layihələr qısa müddətli və yaxud uzun müddətli ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun biznes planının nümunə forması da artıq təsdiqlənib.

Sonda layihənin tətbiqinin nəticəsi  qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək.

  • Unbank əməkdaşı olmayan şəxslər də bu layihə çərçivəsində öz səmərələşdirici təkliflərini təqdim edə bilərlər?

Sözsüz ki, hər bir Unibank əməkdaşı bu layihədə iştirak etmək hüququnu qazanır. Unibank əməkdaşı olmayanlar isə layihələri elektron poçtumuza yönəldib və komandamıza qoşulmaqla iştirak edə bilərlər. Layihələrin qəbulu indidən aparılacaq və bankdaxili prosedurlara uyğun olaraq mərhələlər yolu ilə təsdiqlənən, razılıq verilən layihələrin icrasına gələn ilin əvvəllərindən başlanılacaq. İdeya, təşəbbüs və layihəsinə güvənən hər kəsi komandamızda görməyə şadıq.

–  Bank sektoru üçün yeni olan bu layihənin tətbiqi Sizcə bazara və eləcə də “Unibank”a nə qazandıracaq?

– Bu layihədən bütün tərəflər qazanır: əməkdaşlar da, şirkət də, cəmiyyət də. Ölkənin bank sahəsi  üçün yenilərdən olan, bank məhsul və xidmətlərinin səmərəliliyinin artmasına, rəqəmsallaşmasına xidmət edən bir layihənin bazarda yeni trendlər yaradacağına, yeni ideyaların yaranmasına səbəb olacağına ümid edirik. Unibank olaraq, gələn il də yeni transformasiya layihələrinin tətbiqini davam etdirəcəyik.

Bankdan kənar potensial təkliflərin qəbulunu asanlaşdırmaq üçün və bu kommunikasiyanın məxfiliyinə, müraciət edənlərin hüquqlarının qorunmasına nəzarət məqsədilə Unibank CEO tərəfindən xüsusi kommunikasiya imkanı yaradılıb. Layihələri təqdim etmək istəyənlər birbaşa mənə- ceo@unibank.az elektron poçtuna yaza bilərlər. Bütün müraciətlərin məxfiliyi qorunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır