“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib

Uşaq əməyinə münasibətdə beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri özündə əks etdirən Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını, 15 yaşına çatmamış uşaqların işlərin görülməsinə, habelə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir.
Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Dövlət Sosial-İqtisadi Kollecində (Bakının Sabunçu rayonu) “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirdiyi seminarda bildirilib.
Tədbirdə Kollecin müəllim və şagirdləri, rayon İcra Hakimiyyətinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, ayrı-ayrı işəgötürənlər iştirak edib.
Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər sahəsində aparılan işlər barədə də məlumat verilib. Həmçinin tədbirdə 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirləri diqqətə çatdırılıb. Ötən dövrdə görülən tədbirlər, məqsədyönlü təbliğat-maarifləndirmə işləri nəticəsində Azərbaycanda uşaq əməyinin istismarı hallarının minimum səviyyəyə endiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır