Vergi daxilolmalarının ən yüksək artım templəri rabitə, bank və sığorta sektorunda müşahidə olunub

Cari ilin 6 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21 faiz), tikinti sahəsində (7,7 faiz), digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunur. 

2019-cu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 12,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10 faizə yüksəlib.

Əmək bazarında şəffaflaşma proseslərinəbaşlanılması, nəticədə işçi sayının və əmək haqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib, proqnoz 112,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb, proqnoz 116 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 116 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60 faiz artıb, proqnoz 121 faiz icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu toplam 365 milyon manat artırılıb. Qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərə gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində  ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır