Vergilər Nazirliyində görüş keçirilib

Vergilər Nazirliyində Açıq Hökumət Platformasının üzvləri, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi orqanlarında aparılmış islahatlar və Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin daha da yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi və şəffaf uçotun qurulmasıdır.

Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanun və müvafiq olaraq Vergi Məcəlləsində bununla bağlı edilmiş əlavə və dəyişikliklərə də toxunulub.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev vergi sistemində aparılan islahatların vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır