Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edərək, nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb. 2018-ci ilin yeni vəzifələrin və iş prinsiplərinin icrası və tətbiqi baxımından çox əhəmiyyətli dövr olduğunu deyən nazir ötən il vergi sistemində struktur və kadr islahatlarının aparıldığını, inzibatçılıqda yeni prinsiplərin tətbiq edildiyini, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb.

Sonra vergilər nazirinin müavini İlkin Vəliyev və nazirliyin departament rəhbərləri  2018-ci ildə görülmüş işlər, qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, ötən il vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114 faiz əməl edilib. Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 milyon manat və ya 21,4 faiz azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb.

Kollegiya iclasına yekun vuran M.Cabbarov 2019-cu il üçün vergi orqanlarının qarşısında duran əsas məsələlərə toxunaraq bildirib ki, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır