“Vergilərin həyatımızda rolu” haqqında animasiya hazırlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini cari ildə də davam etdirir.

Maliyyə xidmətləri istehlakçılarının savadlılıq səviyyəsinin artırılmasına və onlara rasional maliyyə qərarların verilməsində intellektual dəstək göstərilməsinə yönəlmiş bu tədbirlər zamanı elektron resurslardan da istifadə olunur. Bu resurslardan biri olan Maliyyə savadlılığı portalında (www.bizimpullar.az) yeni “Vergilərin həyatımızda rolu” haqqında animasiya yerləşdirilmişdir. Vergilər Nazirliyinin mütəxəssisləri ilə birgə hazırlanmış animasiyada vergilərin növləri, ölkəmizdə vergi ödənişlərindən toplanmış vəsaitlərin istifadəsi və vergilərin təsir imkanları nümunələr əsasında izah olunmuş, vergi ödəyicilərinə vergiləri ödəmə yolları barədə tövsiyələr verilmişdir. Animasiyanın hazırlanmasında əsas məqsəd vergitutma proseslərində vətəndaşların iştirakı və toplanmış vəsaitlərdən istifadə barədə əhalini məlumatlandırmaq və onların bu sahədə savadlılığını artırmaqdır.

Animasiyaya keçid linki: https://bizimpullar.az/video-127 

Qeyd edək ki, Maliyyə savadlılığı portalının məzmunu mütəmadi olaraq zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır