Energetika naziri Pərviz Şahbazov Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı
çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Qaz
İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel və Misirin neft və
mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə görüşlər keçirib.
OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşdə neft bazarının tənzimlənməsinin
cari vəziyyəti, neft sənayesində inkişaf tendensiyaları və OPEC+ formatında əməkdaşlığa
dair məsələlər müzakirə edilib. Söhbət zamanı neft bazarında sabitliyin qorunub
saxlanmasında OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığının töhfələri qeyd edilib.
Azərbaycanın bu prosesdə rolu yüksək qiymətləndirilib.
GECF-in Baş katibi Mohamed Hamel ilə görüşdə isə Azərbaycanın təşkilatla
əməkdaşlığı və qlobal qaz sektorunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət
zamanı GECF-in COP29 çərçivəsində təbii qazın ekoloji üstünlüklərinin vurğulanması,
onun əlçatan, sərfəli və davamlı enerji mənbəyi kimi tanıdılması, dekarbonizasiya
sahəsində texnoloji nailiyyətlərin nümayişi və bu istiqamətdə dialoq və təcrübə
mübadiləsinə şərait yaradılması məqsədi daşıyan panel və pavilyonlarının əhəmiyyəti
xatırladılıb, Azərbaycanın bu təşəbbüslərə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
Energetika naziri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) cari ilin 23 oktyabr tarixində
Qətərdə keçiriləcək Nazirlər Toplantısına dəvət edilib.
Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə görüşdə əsas müzakirə
mövzusu iki ölkə arasında enerji əlaqələrinin möhkəmləndirilməsi olub. Dövlət başçılarının
qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji
sahəsində əməkdaşlığın inkişafına təkan verdiyi qeyd olunub. Bu çərçivədə neft və neft
məhsulları, LNG ticarəti, hasilat və kəşfiyyat layihələri, emal, habelə dekarbonizasiya və
insan kapitalının inkişafı sahələrində əməkdaşlığa dair Protokol, həmçinin elektrik və bərpa
olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı
vurğulanıb. Söhbət zamanı hasilat, neft-kimya və emal sahələrində əməkdaşlığa maraq
ifadə edilib.