“Coronavirus” epidemiyasının hər gün daha da geniş radiusda yayılması səhm bazarlarına da təsirsiz ötüşmür. Belə ki, fevral ayının sonlarında 1200 bənd azalaraq tarixinin ən böyük geriləməsini yaşayan “Dow Jones” Sənaye İndeksi bazar ertəsi günü rekordunu təzələyib. 7.8%-ə yaxın (2000 bənd) bir azalmaya məruz qalan “Dow Jones” Sənaye İndeksi günü 23955 bənddə tamamlayıb.
“Standard & Poors 500” indeksi 7.6% azalma ilə 2746 bəndə, “Nasdaq Composite” indeksi isə 7.3% azalma ilə 7950 bəndə geriləyib.
Analitiklər qeyd ediblər ki, bu azalma 2008-ci ildə daşınmaz əmlak və maliyyə bazarlarının çökməsi nəticəsində yaranan resessiyadan bu yana qeydə alınan ən böyük azalmadır. Geriləməyə ən böyük təkan verən faktor isə neft qiymətlərinin bir günə kəskin azalması olub.
Prezident seçkilərində qalib gəldikdən sonra səhm bazarında müşahidə olunan kəskin artış ilə qürurlanan Donald Tramp da “Twitter” hesabı üzərindən məsələyə öz fikrini bildirib. “İstehlakçılar üçün yaxşıdır, benzin qiymətləri aşağı düşəcək!”- tvitini atan Donald Tramp səhm bazarlarında qeydə alınan bu azalmanın əsas günahkarı kimi virusun yayılmasını “şişirdən” saxta media mənbələrini gördüyünü vurğulayıb.