Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında “Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması ilə bağlı sazişin imzalanması planlaşdırılır.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, yeni marşrut Xəzər regionu ilə Avropa İttifaqı arasında multimodal nəqliyyat körpüsü rolunu oynayacaq, giriş yollarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını artıracaq.
Kvrivişvili həmçinin bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tam gücü ilə istismara verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz əlaqəni təmin edəcək və bütün marşrut üzrə əməliyyat səmərəliliyini yüksəldəcək.