Xaçmazda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

İyulun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba- Xaçmaz Regional İnkişaf Mərkəzində “Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Sahibkarlar  Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar iştirak edib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov vurğulayıb ki, ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğinin dəfələrlə azaldılması, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin tətbiqi,  qeyri-neft ixracının təşviqi ilə bağlı ixrac təşviqinin ödənilməsi,  dövlət satınalmalarında aparılan təkmilləşdirmələr və s. istiqamətdə mühüm işlər görülüb.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini  və İqtisadiyyat Nazirliyinin nümayəndələri çıxış edib.

Tədbirin sonunda sahibkarlarla müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır