Xarici ticarət dövriyyəsi 9 %-dək artıb

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən isə idxal edilib.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 milyon  dollar, ixracın dəyəri 4835,8 milyon dollar, idxalın dəyəri isə 2165,0 milyon dollar təşkil edib. Bunun nəticəsində 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 % artıb, real ifadədə isə 15,2 %, o cümlədən ixrac 6,8 %, idxal 27,6 % azalıb.

Ticarət dövriyyəsinin 39,4 %-i Avropa İttifaqı ölkələri, 12,1 %-i MDB üzvü dövlətləri, 48,5 %-i isə  digər ölkələrin payına düşüb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır