Xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri 7015,6 milyon dollar təşkil edib, nəticədə 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artıb, ixrac 1,4 faiz azalıb. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,1 faizini İtaliyaya, 12,4 faizini Türkiyəyə, 6,9 faizini Çinə, 6,3 faizini Hindistana, 5,7 faizini Almaniyaya, 5,5 faizini İsrailə, 4,3 faizini İspaniyaya, 3,8 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,2 faizini Gürcüstana, 2,6 faizini Fransaya, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır