Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı və peşəkar bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemini tətbiq edib.
BBN.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni Sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılmasını təmin edir. Nəticələrə əsasən mütəxəssislər üçün uyğun təlimlər təşkil olunur və onların səriştə səviyyəsini təsdiq edən sertifikatlar təqdim edilir.
Sistemin təqdimatında iştirak edən Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev platformanın funksional imkanları ilə tanış olub. O bildirib ki, əsas məqsəd qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində çalışan kadrların peşəkar səviyyəsinin obyektiv meyarlarla müəyyənləşdirilməsi və inkişaf proseslərinin planlı şəkildə idarə olunmasıdır.
Qeyd olunub ki, Sistem vahid standartların tətbiqini, şəffaflıq və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın gücləndirilməsini təmin edir.
İlkin mərhələdə Energetika Nazirliyi və Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətləri əsasında həmin qurumların informasiya texnologiyaları sahəsində çalışan əməkdaşlarının bilik və bacarıq səviyyələri qiymətləndirilib.
Sözügedən əməkdaşlar üçün iki həftəlik təlim proqramlarına başlanılıb. Təlimlər Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında keçirilir.