qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının ixracı 7,1 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard ABŞ dolları və ya 25,6 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 98 milyon ABŞ dolları və ya 20 faiz artıb. Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyonvə İtaliyaya 22 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz,Türkiyəyə 16 faiz, Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya 2 dəfə artıb.
2019-cu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 milyon ABŞ dolları) ikinci və tomat (49,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.