Yaşamaq və işləmək üçün ən əlverişli ölkələr hansılardır?

Beynəlxalq köçürmə şirkəti “InterNations” xaricdə yaşam ilə bağlı keçirdiyi ən geniş və hərtərəfli sorğunun nəticələrini elan edib. “Expat Insider 2019” hesabatı xaricdə yaşayan ekspatlar tərəfindən ən çox və ən az sevilən ölkələrin siyahısını təqdim edib. Siyahının tərtibatında nəzərə alınan əsas faktorlar həmin ölkələrdəki yaşam keyfiyyəti, mühitə uyğunlaşma prosesi, iş imkanları, ailə həyatına təsirlər və şəxsi maliyyə idarəetməsi faktorlarıdır.

Yuxarıda sadalanan faktorlar əsasında keçirilən sorğunun nəticəsində xarici ölkələr arasında yaşamaq və işləmək üçün ən əlverişli ölkə Tayvan seçilib. Qeyd edək ki, Tayvan ötən ilin hesabatında Bəhreyndən sonra ikinci yeri tutmuşdu. İkinci yerdə Vyetnam, üçüncü yerdə isə Portuqaliya qərarlaşıb. Meksika və İspaniya isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşürlər.

Ən əlverişsiz ölkələr arasında isə ilk yeri ard-arda ikinci ildir ki Küveyt tutur. Qeyd edək ki, Küveyt 2014-cü ildən 2016-cı ilə qədər olan hesabatlarda da sonuncu yerə layiq görülüb. Əlverişli ölkələr siyahısında son beşlik İtaliya, Nigeriya, Braziliya və Türkiyə ilə tamamlanır.

Ümumi statistikalara nəzər yetirdikdə, ekspatların 51 faizini qadın 49 faizini kişilərin təşkil etdiyini müşahidə etmək olur. Ekspatların böyük əksəriyyəti (36%) iş və karyera məqsədilə, 27%-lik qismi daha yaxşı yaşayış standartları üçün, 7%-i təhsil almaq üçün, yerdə qalan 30%-i isə digər səbəblərdən xaricə üz tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır