Home » Yeni reallıqlar: Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü

Yeni reallıqlar: Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü

by bbnadm
0 rəy 0 baxış 5 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

baş analitiki Məsumə Talıbovanın şərhi

Ermənistanın iqtisadi göstəriciləri pisləşməyə davam edir. Bunu artıq Beynəlxalq Reytinqlər də təsdiqləyir. Belə ki, “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB-“-dan “B+” səviyyəsinə endirib. Buna əsas səbəb olaraq isə ölkədəki daxili disbalansın dərinləşməsi, xalis xarici borc və cari hesablar balansındakı defisitin artması, eyni zamanda, faiz yükünün yüksəlməsi göstərilib. Bundan başqa, Dağlıq-Qarabağ konfliktinin davam etdirilməsinin ölkənin həm maliyyə, həm fiskal, həm də ümumi makroiqtisadi sabitliyinə  çox böyük mənfi təsirə malik olduğu qeyd olunub.

Demoqrafik göstəricilərin onsuz da aşağı olduğu Ermənistanda müharibə şəraiti ilə bağlı tam səfərbərlik rejiminin tətbiq olunması və 55 yaşa qədər kişilərin döyüşə cəlb olunması bu ölkənin əmək tutumlu bir çox sahələrinin fəaliyyətində məhdududiyyətlər yaratdı. Yerli sahibkarların bir çoxu istehsal fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Mikro sahibkarlar döyüşə gedərək tamamən biznesdən uzaqlaşır, kiçik və orta sahibkarlar isə özlərinin və ya əksər işçilərinin səfərbər olunması və yetərli işçi qüvvəsi olmaması səbəbindən məhsuldarlığının kəskin aşağı düşməsini müşahidə edirlər. Böyük biznes subyektləri də ümumi iqtisadi daralmanın mənfi təsirindən öz payını almaqdadır. Pandemiyanın təsiri ilə iqtisadi aktivliyin avqust ayına olan göstəricilərində ilin əvvəli ilə müqayisədə 17.4% (Ermənistan Statistika Komitəsinin rəsmi açıqlamasına əsasən) azalma onsuz da ölkə iqtisadiyyatına yetərincə ağır zərbə hesab olunurdu. Buna əlavə olaraq cəbhə bölgəsində Ermənistanın verdiyi ağır itkilər və əmək qüvvəsinin real sektordan transferinin bu mənfi trendi daha da kəskinləşdirəcəyi şübhə doğurmur. Artıq erməni sahibkarlar müxtəlif mətbuat mənbələrində üzləşdikləri çətinliklər barədə açıqlamalar verməkdən çəkinmirlər. Onların sözlərinə görə istehsal prosesinin tamamən və ya qismən dayandırılması onların gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərir və növbəti ayın vergi ödəmələrində kəskin azalmaların olacağını da proqnozlaşdırırlar. Bu da öz növbəsində Ermənistan büdcəsinin maliyyələşməsində öz mənfi təsirini göstərəcəkdir. Belə ki, Ermənistanın Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən də bu il dövlət vergi daxilolmaları üzrə proqnozlar icra olunmayacaq.

Erməni sahibkarların fikrincə ölkənin iqtisadiyyatının drayveri olan sahələrin əmək resurslarının öz fəaliyyətini davam etdirməsi vacib şərtlərdəndir və istehsalda böyük payı olan şəxslərin, strateji sahələrin əmək qüvvəsinin döyüş bölgəsində deyil öz fəaliyyət sahəsində ümumi ölkə üçün, dolayısı ilə də ordu üçün daha faydalı olması nəzərə alınmalı idi. Ermənistan isə apardığı aqressiv siyasət ilə əlaqədar olaraq yaşı uyğun gələn bütün kişiləri məcburi olaraq döyüşlərə cəlb edib. Müqayisə üçün qeyd etmək olar ki, İkinci Dünya Müharibəsində istehsalda çalışan şəxslər səfərbərliyə cəlb olunmur və hərbi əməliyyatların ölkə iqtisadiyyatına ən az zərərlə təsiri təmin olunurdu.

Hələ sabit dönəmdə dörddə biri yoxsul olan Ermənistan vətəndaşlarının maliyyə vəziyyətinin müharibə şəraitində daha da pisləşməsi(sosial ayırmaların, əmək haqlarının vaxtında ödənməməsi səbəbi ilə) onların alıcılıq qabiliyyətinin azalması fonunda istehlaka olan tələbin azalması və bununla  da biznes sektorunun inkişafına ağır zərbələr vurması da qeyd olunmalıdır. Bundan başqa, dövlətin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə resurslar tələb edir. Dövlətin onsuz da yoxsul olan əhalinin son vəsaitlərini orduya dəstək fondları yaradaraq cəlb etməsi erməni vətəndaşlarının rifahını daha da pisləşdirir. Bu gün gözləri dönmüş və mümkün bütün ağılsızlıqları edən Ermənistan dövləti bunun onlar üçün sonun başlanğıcı olduğunu hələ tam dərk etmir. Paralel olaraq isə bəzi erməni vətəndaşları, xüsusən də sahibkarlar müharibədən sonra həyat var!” ifadələri ilə müraciətlər və müəyyən formada mövcud gedişata etirazlarla çıxış edirlər.

Təkcə koronovirusun təsiri ilə Ermənistanın sentyabr ayına olan son rəsmi statistik məlumatlarına əsasən ölkədə 1213 ticarət obyekti bağlanıb, 5058-i isə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu da ölkədə fəaliyyət göstərən bütün ticarət obyektlərinin 50%-ə yaxın hissəsini təşkil edir. Bundan başqa, tikinti sektorunda 23 müəssisə ləğv edilib, 231-inin fəaliyyəti isə müvəqqəti dayandırılıb.
 205 daşınmaz əmlak şirkəti müvəqqəti bağlanıb, 5-i isə ləğv edilib. “Digər xidmətlər” sahəsində 234 şirkət ləğv edilib, 1057-nin fəaliyyəti müvəqqəti dayandırılıb. Peşə və elmi-texniki fəaliyyətlə məşğul olan 67 müəssisə ləğv edilib, 493 müəssisənin isə fəaliyyəti müvəqqəti dayandırılıb. İnzibati və köməkçi fəaliyyət göstərən 39 şirkətin qeydiyyatı ləğv edilib, 449-u müvəqqəti dayandırılıb. Təhsil sahəsində 21 şirkət ləğv edilib, 136-sı müvəqqəti dayandırılıb. Səhiyyə və sosial xidmətlər sahəsindəki 10 müəssisə ləğv edilib, eyni sahədəki 120 müəssisənin isə müvəqqəti olaraq fəaliyyəti dayandırılıb. Hərbi döyüşlərin başlaması ilə isə sözügedən sahələrdə fəaliyyət göstərən əlavə olaraq bir çox obyekt də bağlanıb. Belə olan vəziyyətdə xalis miqrasiya dərəcəsinin (immiqrantlarla emiqrantlar arasındakı fərq) yüksək olduğu(hər 1000 nəfərə -5.6 nəfər) bu ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar əmək resurslarının xaricə axını daha da dərinləşəcək. Yerli vətəndaşların uzun müddətli dönəmdə sosial çətinliklərə dözməyərək dövlətə qarşı çıxacaqları da istisna edilmir. Belə ki, artıq bəzi biznes subyektləri müharibədən sonra dövlətdən kompensasiya tələb edəcəklərini də iddia edirlər.

Bir çox biznes subyektinin xammal təchizatçısı olan kənd təsərrüfatı sahəsinin fəaliyyətinin, xüsusən payız toxum səpilməsi dönəmində səfərbərlik rejimi ilə əlaqədar məhdudiyyətlərlə üzləşməsi Ermənistanda məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində həm biznes subyektlərin fəaliyyətinə mənfi təsir göstərəcək, həm də ərzaq təchizatını aşağı salacaq. Təklifin azalması isə ölkədə bu məhsulların qiymətinin kəskin bahalaşacağını proqnozlaşdırmağa imkan verir. Onsuz da ərzaq məhsullarının böyük qismini (BMT-nin Dünya Ərzaq Proqramının məlumatlarına görə Ermənistanın əsas ərzaq məhsullarının ortalama 66.7%-i idxal olunur) idxal edən və artıq bu prosesdə məhdudiyyətlərlə üzləşən Ermənistan digər tərəfdən yerli istehsalda aşağı məhsuldarlıq göstərməklə daha öncə proqnozlaşdırılan ərzaq böhranının başladığını bir daha sübut edir.

Ermənistan hökumətinin öz vətəndaşlarının diqqətini ölkədəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün başladığı yeni müharibə və Azərbaycanın güclü əks hücum əməliyyatları  nəticəsində məruz qaldığı itkilər onsuzda ağır sosial-iqtisadi problemlərə hərbi məğlubiyyət və ordudakı itkilər də əlavə etmişdir. İndi isə Paşinyan düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün xarici kreditlərə, ianələrə və yardımlara ümid edir. Xüsusən də, Rusiyanın və Avrasiya Birliyinin dəstəyinə arxalanır. Lakin Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı xəyanətkar mövqeyi, o cümlədən rus investisiyaları və iş adamlarını sıxışdırması Rusiyadan gözlənilən köməyin olmayacağını proqnozlaşdırmağa imkan verir. Çünki, nə Avrasiya Birliyi, nə də Rusiya Ermənistan kimi etibarsız ölkənin yükünü daşımaqda maraqlı olmayacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.