Müvafiq şəxslərin yerləşdirilməsi üzrə dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün  Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq şəxslərin yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib.

Sosial sığınacaqlar kompleksində keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun, Bakının rayon İcra Hakimiyyətlərinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Daxili İşlər Nazirliyinin  və  Bakı şəhəri üzrə rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş üzrə bölmələrinin və bələdiyyələrin nümayəndələri, Sosial Sığınacaqların rəhbərləri iştirak edib.

Dəyirmi masada müvafiq qruplardan olan insanların yeni sosial xidmət müəssisələrinə qəbulu və bu müəssisələrdə yerləşdirilməsi qaydaları, bu sahədə işlərin aidiyyəti qurumlarla əlaqəli aparılması, şəxslərin həmin sosial xidmət müəssisələrinə yerləşdirilməsinə olan tələbatın qiymətləndirilməsi proseduru barədə iştirakçılara ətraflı izahatlar verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə müvafiq şəxslərin qeyd olunan sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı işlərin koordinasiya olunmuş şəkildə operativ və səmərəli təşkil olunması məsələləri müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır