Zaqatalada Qadın Resurs Mərkəzinin və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışı olub

BMT İnkişaf Proqramı (BMTİP) ilə  Azərbaycan Hökümətinin birgə layihəsi çərçivəsində və ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayonunda yaradılan Qadın Resurs Mərkəzinin və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışı olub. Mərkəzlər bölgədə qadınların və gənclərin məşğulluğuna, həmçinin sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədinə xidmət edir.

Mərkəzlərin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yananda Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, BMTİP-in ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər. 

A.Frakassetti BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin uğurlu icrasında qadınların və gənclərin məşğulluq, eləcə də sahibkarlığa çıxış imkanlarının artırılmasının vacib element olduğunu qeyd edib. O, ötən dövrdə Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin bu sahədə mühüm dəstək göstərdiyini vurğulayıb.

F.Musayev qadınların və gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluq imkanlarının artırılması sahəsində ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, eyni zamanda, özünüməşğulluq proqramının bu sahədə mühüm rolunu, qadınların və gənclərin də kiçik biznesə çıxışına imkan yaratması baxımından əhəmiyyətini qeyd edib. F.Musayev gənclərin müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnməsində və beləliklə, onların əmək bazarına inteqrasiyasında Gənclərin Məşğulluq və Təlim Mərkəzlərinin (Syslab) önəmini diqqətə çatdırıb.

Digər çıxış edənlər bu kimi mərkəzlərin açılmasının sosial-iqtisadi əhəmiyyətini vurğulayıblar.

Hər iki mərkəz 2015-ci ildən bəri USAID-in maliyyələşdirdiyi və BMTİP-nin qismən maliyyələşdirdiyi, artıq 5 ildir ki, fəaliyyətdə olan “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılıb. Layihə əsasında bundan əvvəl Masallı rayonunda Qadın Resurs Mərkəzi, həmin rayonda və Gəncə şəhərində Gənclərin Məşğulluq və Təlim Mərkəzləri yaradılıb.

Ümumilikdə hazırda BMT-nin İnkişaf Proqramının ölkəmizin 9 bölgəsi üzrə qadınların və gənclərin məşğulluq və sahibkarlığa çıxış imkanlarının artırılmasına dəstək göstərmək üçün 8 Qadın Resurs Mərkəzi və 3 Syslab  mərkəzi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır